2020-06-05

Dronlar

Azərbaycanın kənd təsərrüfatında istifadə olunan
"DJİ AGRAS MG-1P" markalı dronu (3 km-dən
 5 dronu idarə etmək qabiliyyətinə malikdir).

Kənd təsərrüfatında Dronlar

Son illərdə Azərbaycanın kənd təsərrüfatında istifadə olunmağa başlayan texnologiyalardan biri Dronlardır. Azərbaycanda bu sahə ilə məşğul olan müəssisələrdən biri Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkıdır (AMEA YTP). Bu müəssisənin yaradılmasında əsas məqsəd iqtisadiyyatın davamlı inkişafını, rəqabət qabiliyyətinin artırılmasını, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiyanı, yüksək texnologiya sahələrinin genişləndirilməsi məsələlərini həll etməkdir. Kənd təsərrüfatının inkişafına kömək edəcək dron texnologiyası hal-hazırda bu müəssisədə istehsal edilir. 

Bu dronlar  hələki  AMEA-nın institutları tərəfindən elmi-tədqiqat işlərinin aparılması üçün istifadə edilir. Dronların istehsalçısı AMEA-nın özünün təsis etdiyi "Elm və Texnologiya Parkı" MMC-dir. Günümüzdə şirkətin əsas layihəsi “Geniş təyinatlı multirotor insansız uçan aparatların” - dronların istehsalıdır [1]. Müəssisədə iki növ dronların istehsalı həyata keçirilir. Bunlar elektrik batereyaları və benzinlə işləyənlərdir. Elektriklə işləyən dronlar daha kiçik (maksimum 2-3 kiloqram) yüklərin daşınması üçün istifadə ediləcək, benzin generatorlu dronlarla isə daha ağır yüklər (15-20 kiloqrama qədər) daşına və ya istifadə olunacaq [2].
Bəs dronların insanlarla münasibəti nə zamandan bəri ortaya çıxıb? Ümumiyyətlə “Dron”  ingilis sözü olub “drone” sözündən götürülmüş və bortunda ekipajı olmayaraq uçan aparat mənasını ifadə edir. İnsansız işləyən hava maşınları (Unmanned Aerial Vehicles, UAV) olaraq bilinən dronlar ilk dəfə ABŞ - da vətəndaş müharibəsi əsnasında dəfələrlə istifadə olunmuşdur. Ardınca Yaponya İkinci Dünya müharibəsinda bomba daşıyan dronları fəaliyyətə gəlmişdir. Amerikada, Vyetnam müharibəsi dövründə, İsrail Silahlı Dəstələri 1970 və 1980-ci illərdə dronlardan istifadə edilmişdir. Daha dəhşətli hadisələrdən biri kimi yadda qalan, 2011-ci ildə  Yaponyada meydana gələn zəlzələ və sunami ilə zərər görən Fukusima atom elektrik stasiyasının reaktorunda meydana gələn sızıntı Yaponyanı təşvişə salmışdı. Sızıntıya görə girilə bilməyən reaktora dronlar göndərilərək məsələnin nə qədər ciddi olduğu ortaya çıxarılmışdı. Nəhayət günümüzdə dronların istifadəsi bir çox sahələrə yayılaraq  istifadə edilməyə davam etdirilir [3].
Hal-hazırda dronların tətbiqi daha çox kənd təsərrüfatında diqqət mərkəzindədir və bu baxımdan aqrar sahədə onların tətbiqi kənd təsərrüfatının inkişaf etdiyi ölkələrdə fermer və əkinçilərin həyatında dəyişikliklərə, irəliləyişə, inkişafa səbəb olmuşdur. Dronlar kənd təsərrüfatında kompleks aqromenecment işini aparmağa, daha yüksək kənd təsərrüfatı məhsulu istehsal etməyə imkan verir. Texnologiyada yeni bir dövrə qapı açan dronlar məhsul əkilmiş sahələrin vəziyyəti haqqında məlumatları tez bir zamanda müxtəlif informasiyaları bir araya yığıb ümumi nəticə əldə etməyə kömək edir. Bu kiçik texnologiya böyük əkin sahələrinin multispektral şəkillərini çəkərək kompüterə xüsusi proqramlara ötürür və  sonra aparılan təhlil ilə mövcud problemlər aşkara çıxarılır. Əkinçilər üçün bu məhsuldarlığın aşağı olduğu əkin ərazilərində əlavə tədbirlərin həyata keçirilməsi imkanlarını yaradır. Əvvəllər məhsulun monitorinqi kiçik təyyarələr, peyklər və ya sadəcə əllərində müvafiq ölçü cihazları ilə əkin sahələrini gəzən fermerlər tərəfindən həyata keçirilirdisə, indi tam əksinə dronlardan bu sahədə istifadə olunması həm maliyyə həm də vaxt baxımından əkinçinin xeyrinə olan bir yenilik deməkdir.
Aqrar sahədə dronların gördüyü işlər fikrimizcə daha ciddi nəzərə alınacaq məsələlərdəndir. Onlar əkin sahələrində üçölçülü xəritəalma işlərini dəqiqliklə həyata keçirir, sahədə olan azot və digər bitkilər üçün vacib olan kimyəvi maddələrin miqdarını müəyyən edib dəqiq məlumat göstərə bilirlər. Həmçinin, dronlarda daha çox aqrokimyəvi məhsulların və pestisidlərin bitkilər üzərinə çilənməsində istifadə edilir. Dronlar yüksəklikdən video-foto çəkilişlərin edilməsi (aerofoto), kənd təsərrüfatında ərazinin spektral analizinin aparılması, ərazinin dərmanlanması, xəritəçəkmə (3D xəritələrin yaradılması), yükdaşıma (analiz üçün elmi tədqiqat avadanlıqları) və müşahidə (Zoologiya İnstitutunda heyvanların uzaqdan müşahidə edilməsi) qabiliyyəti onun istifadə olunma sahələrini artırır [4]. Dronlardan əkin sahələrinin suvarılmasında da istifadə edilə biləcəyi söylənilsə də, ancaq hələlik onlardan suvarma texnikası kimi istifadə mümkün deyil. Çünki, onların yük qaldırma imkanları limitlidir. Hələki Rusiya alimləri 5 ton su qaldırma qabiliyyətinə malik dronlar üzərində işləyirlər [1]. Gələcəkdə dronlardan istifadə yalnız bununla bitməyəcək. Alimlər kənd təsərrüfatında dronlardan məhsulun əkilməsi və ona qulluq edilməsi, su və torpaq nümunələri götürməklə uzaq örüş yerləri və su hövzələrinin monitorinqini aparmağı düşünürlər. Bəzi istehsalçılar isə dronlarda kiçik dəyişikliklər edərək onlardan heyvandarlıqda istifadə edilməsinə zərurət yaradıblar.
Yeni Zelandiyalı dron istehsalçı şirkəti DJI tərəfindən istehsal edilən Mavic Enterprise” seriyasından olan bu dronlar çoban itləri vəzifəsini yerinə yetirirlər. Dronların yaddaşına yazılan it səsləri istənilən zaman dronun səsgücləndiricisi vasitəsilə səsləndirilə bilər. Şirkətin dronlar üzrə baş mütəxəssisi Adam Kerr son iki ildə insanların bu texnologiyaya marağının artdığına, fermerlərin işlərini asandlaşdırdığını bildirib. Ən yaxşı tərəfi böyük və kiçik baş heyvanları daim nəzarətdə saxlamağa kömək edir ki, bu hər bir fermer üçün vacib bir amildir [5].
Nəhayət, respublikamızda yeni innovativ texnologiyanın - dronların aqrar sahədə istifadəsi həyata keçirilib. İlk olaraq Azərbaycanın Ucar bölgəsində zərərli həşərat olan qırmızı tor gənəsinin pambıq bitkisindən kənarlaşdırmaq üçün kimyəvi mübarizə tədbirlərini daha yeni texnologiya olan çiləyici "DJİ AGRAS MG-1P" dronu ilə həyata keçirilib. Mütəxəssislərimizin fikrincə, zərərli qırmızı tor gənəsinə qarşı mübarizədə ağır texnikanın yerinə çiləyici drondan istifadə edilməsi yetəri qədər yaxşı vasitədir [6].
Qeyd etdiyimiz kimi ölkəmizdə dronların istifadəsini daha da genişləndirmək üçün, Azərbaycan Milli Elmlər Akademiyasında 2015-2016-cı illərdən başlayaraq dron texnologiyası ilə məşğul olan qruplar yaradılmışdır ki, burada multirotor tipli pilotsuz uçan cihazların idarəedilməsi və müxtəlif tapşırıqların, funksiyaların yerinə yetirilməsi məqsədilə təlim dərslərinin keçirilməsi həyata keçirilir.
Buna baxmayaraq, ölkəmizə ötən illərdə çoxlu sayda dron idxal olunub. Xarici bazarda bu texnologiyanın nisbətən ucuz olması, sahibkarların eyni məhsulu daxili bazardan alışını əlverişsiz edir. Həmçinin, Azərbaycanda dronlardan istifadənin az göstəricidə olması dronlardan istifadə edilməsi barəsində müəyyən qayda-qanunların və qadağaların olması ilə bağlıdır. Dronlardan istifadə, onların ölkəyə gətirilməsi barəsində dəqiq məlumat olmadığı üçün bu texnologiyadan istifadə etmək istəyən şəxslər Dövlət Mülki Aviasiya Administrasiyası, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətindən icazə almalıdır. Bu kimi halların aradan qaldırılması üçün mütləq şəkildə dəqiq qayda-qanunlar hazırlanıb əhaliyə təqdim olunmalı və dron istehsalını mümkün ola biləcək şəkildə davam etdirib xarici və daxili bazarlarda satışını həyata keçirməliyik [7].



Hal-hazırda AMEA istehsalı olan dronlar müxtəlif sahələrdə tətbiq edilməyə başlamışdır. Aqrar sahədə AMEA istehsallı dronların tətbiqi ölkəmizdə daha vacib olan torpaq sahələrinin monitorinqinin həyata keçirilməsi tədqiqat istiqamətləri müəyyən edilməyə yönəlmişdir ki, burada bir neçə vacib məsələlər var. Onlar aşağıdakılardır:
- şoranlaşmış ərazilərin monitorinqinin həyata keçirilməsi;
- deqradasiyaya uğramış torpaq ərazilərinin dəqiq qeydə alınması;
- xüsusi sensorlar vasitəsi ilə torpağın temperatur və nəmliyi haqqında məlumat bazasının hazırlanması və fermer təsərrüfatlarında tətbiqi [1].
Ümumi nəticəyə gələrək qeyd edək ki, dronların istifadəsi aşağıdakı məsələlərin həllinə imkan yaradır:
- əkinçinin əkin sahəsinin ərazisini hansısa iri texnologiya ilə dolanmağa ehtiyac qalmadığından yanacaq - sürtkü yağlarına ehtiyacı aradan götürməyə;
- kənd təsərrüfatında iri texnologiyalardan istifadənin azalması ilə atmosferə buraxılan zərərli qaz tullantılarının həcmini azaltmağa;
- torpaqların tədqiq edilməsi və texniki işlərin daha dəqiq və aydın aparılmasına;
- görülən bütün işlərdə vaxta qənaət edilməsinə;
- bitkilərin dərmanlama mövsümində dronlardan istifadəsi işçilərin bu kanserogen maddələrlə təmasa keçməməsinə;
- əkin sahələrində çalışanların sayını azaldaraq büdcəyə qənaət edilməsinə;
- gənc aqromühəndislərin yeni texnologiyalarda işləməsinə şəraitin yaradılıb, daha çox gəncin texnologiyaya həvəsinin təmin edilməsinə;
- alaq otlaqlarının yayılma arealınını dəqiqi müəyyən etməyə;
- alınan toplu informasiyaların sonunda bitkiyə lazım olacaq miqdarda, düzgün qaydada gübrələrin verilməsinə və nəticədə bitkinin məhv olmasının,  torpağın çirklənməsinin qaşısını alamağa;
- əkin əkilmiş torpaq sahələrində 3D xəritəçəkməni dəqiqliklə etdiyinə  görə sahənin suvarılmayan, bataqlığa məruz qalan hissələrini müəyyən edir, bitkinin xəstəliyə məruz qalıb qalmadığını  müəyyənləşdirə bilir.

Müəllif: Nərmin Xanməmmədzadə
Ədəbiyyat:
1. science.gov.az
2. fed.az
3. Teknolojik Gelişmelerin Habercilik Uygulamaları Üzerine Etkileri: Türkiye’de Drone Haberciliği, Emrah Budak, 2019;
4. naxcivantv.az
5. ajanimo.com
6. news.milli.az
7. www.bbc.com

Комментариев нет:

Отправить комментарий