Həsən
Quliyevin yazdığı “Arxetipik azərilər: mentalitein simaları” kitabının başqa
bir mövzusu “Təbiət” başlığı altında birləşmişdir. Bir baxıma azərbaycanlıların
eləcə də digər türklərin qədimdə köçəri bir millət olduğu üçün təbiətlə sıx əlaqədə
olduğunu düşünmək olardı (özü də bunu vurğulayır), lakin bu bağ artıq
mentalitetimizdən uzaqlaşmışdır. Onun “Təbiət” başlığı altında yazdığı bir
fikrini də çox bəyəndim: Azərbaycanlılar
cəmiyyət olaraq təbiətin kosmik-sakral stixiyasına həssaslıqla qulaq vermək və
onun estetik özünəməxsusluğuna reaksiya vermək qabiliyyətini itirmişlər. Bu
metamorfozun nəticəsində onlar təbiəti ya ehtiyat mənbəyi - məhsulların təchizatçısı
(meyvə, ov, yanacaq, tikinti material), ya da kababın daha yaxşı həzm olunması
üçün katalizator qismində qavrayırlar.
Yazıçı bu
cümlələrlə onu demək istəyir ki, bir azərbaycanlı təbiətdə istirahətə gedəndə
orada dincəlməyi bacarmır. Heç bir azərbaycanlı tam olaraq təbiətə dincəlməyə də
getmir, orada bir ev-daxma sifariş verib, təbiətdə dincəlmə aktını
imitasiyasını edir. Azərbaycanlılar üçün kamp, iməclik mədəniyyəti yoxdur.
Onlar sadəcə meşənin ödənişsiz olan yerində çadır qurub, səyahət yataqlarında
yata bildiyi halda, pul verib ev kirayələməyi xoşlayır. Biz təbiətli müqəddəs
yer kimi yox, çirkli, urbanlaşmamış, sivilləşməmiş yer kimi görürük və buna görə
də onunla vahid olmağa belə can atmırıq. Buna görə də təbiəti çirkləndirmək də
bizim üçün normadır. Və Həsən Quliyevin də dediyi kimi, təbiət bizim üçün
maksimum, kababın yaxşı həzm olunması üçün katalizator, yəni vasitəçidir.
Təbiətə
olan sevgini formalaşdırmaq üçün biz ilk öncə şəhərdəki təbiətdən başlamalıyıq.
Özümüz ev heyvanı saxlamağımız, küçə heyvanlarını görən kimi onlardan yan keçmək
yox, dayanıb bir dəqiqə onu sığallamaq, evimizin yanında yaşayan küçə
heyvanları üçün bir daxmacıq düzəltmək və ya yem tökmək olar. (Biz nəinki
özümüz belə etmirik, hətta edənlərə qəribə baxırıq.) Çoxları bunu etməməyinin səbəbi
olaraq vaxtsıxlığını misal gətirir. Əslində bu özü də bir bəhanədir, amma lap
elə olsun, onlara da bitklilər kimi alternativ verərək, təbiətin hərəkətsiz
hissəsini də unutmamaq istəyirəm. Bitkiyə qulluq etmək çox asandır, hərəkətsizdir,
demək olar ki, tullantıları olmur, həftədə bir dəfə su, ildə bir dəfə bir ovuc
gübrə onun yaşaması və inkişafı üçün artıqlaması ilə bəs edir. (şərti nisbətlərdir)
Bitki və heyvanı çoxları maliyyə bəhanəsi ilə almaq istəmir. Bitki kimi başqa
bitkisi olan birindən budaq, toxum alaraq yenisini və evdə işlənməyən bir qab
istifadə edərək yetişdirmək olar. Heyvan məsələsinə gəldikdə isə, əslində
hansısa cins heyvan almaqdansa, küçə heyvanı saxlamaq daha düzgündür.
Birincisi, həm cins heyvanlar çox vaxt xəstə olurlar. (xüsusən də, süni
yetişdirilmiş itlər və pişiklər) Buna səbəb insest vasitəsi ilə cinsləşdirildiyi
üçün, bir çox xronoloji xəstəliklərə malik olmasıdır. İkincisi isə elə mən də
sizinlə razılaşıram ki, belə canlılar üçün ağlasığmaz pullar istənilir və eləcə
də, onların yeməyi, qulluğu da o puldan daha artığını tələb edəcək. Belə ev
heyvanı saxlayanların heyvansevərliyindən çox, özlərini göstərmək arzusunda
olduqlarına aid şübhələrim vardır.
Eləcə də,
təbiəti sevmək maarifləndirmə və ictimai qınaq səviyyəsində də olmalıdır. Hamımız
məlumat olaraq təbiətin vacibiyyətini bilirik, lakin bu bizim üçün əhəmiyyətli,
vacib deyil. Bunun prioritet olması isə dövlət səviyyəsində tədbirlərin
aparılması, məhz təbiətə ziyan verənlərə qarşı sərt cəzaların tətbiqi, onun
qayğısına qalmağı isə aşılamağındadır. Maarifləndirmə kimi isə dərslərin bəzilərini
təbiətdə keçirmək, orada hansısa praktiki işlə məşğul olmaqdır. Bir vətəndaş
kimi hər birimiz də yuxarıda dediyim kimi canlılara kömək edə bilər. Xüsusən də,
hər bir valideyn öz övladını heyvansevər, təbiətsevər edə bilər. Elelmentar
olaraq, heyvan görən zaman ondan uzaq qaçmaq, onu qovmaq, hətta bəzi hallarda
ona qarşı şiddət göstərmək yox, sığallamaq, uşaqla heyvan arasında təmas
yaratmağa çalışmaq lazımdır. Uşaqlar valideynlərinin hərəkətlərini təqlid edirlər
və valideynindən heyvana qarşı etinasızlıq, nifrət, şiddət görən uşaqdan heyvan
sevgisi gözləmək də absurd olar. Valideyn olmayan vətəndaşların qalan hissəsi
isə, heyvanlara şiddət edən birini görən zaman, (eləcə də, yerə zibil atan və
başqa hallarda) o şəxslərə qarşı çıxa, onlara qarşı ictimai qınaq formalaşdıra bilər.
Yerə
zibil atmaq, heyvanlara yardım etməməyi maddi qıtlıq, vaxtsızlıq, siyasət və
çox şeylə bəhanə etmək olar, lakin bir heyvana yardım etmək, bunun vacibiyyətini
anlamaqdan, uzun-uzun heyvanlara yardım, təbiətə etinasızlıq barədə belə
yazılar yazmaqdan daha əhəmiyyətli, daha faydalı işdir.
Müəllif: Rövşən Nəzərov
Комментариев нет:
Отправить комментарий