2020-06-08

Yaşıl divarlar - 1-ci hissə



 Sinqapurda Hava Limanı
Müasir Canlı Bağçalar : Yaşıl Divarlar (Green Wall) (red. və ya Şaquli bağlar) 
Şəhərləşmə prosesinin sürətlə artması, açıq və yaşıl sahələrin azaldılaraq, düzgün olmayan şəhərləşməyə səbəb olarkən, şəhər əhalisini də təbiətdən uzaqlaşdırmışdır. Artıq şəhər ətrafında və mərkəzində olan aktiv və passiv yaşıl sahələr şəhər əhalisinin gündəlik oksigen təlabatını ödəməməyə başlamışdır. Şəhərlərdə yaşıl sahələrin daha da artırılması, təbiət ilə bütünləşdirilməsi və təbii sahələrin qorunması dünya gündəmində yer alan önəmli məsələlərdəndir. 

Şəhər əhalisinin ən çox vaxt keçirdiyi sahələr – iş, yaşayış yerləri, parklar – yaşıl sahələrə çevrilməlidir. Bu məsələnin həlli məqsədilə Avropa ölkələrində Yaşıl damlar ( Green Roof), Yaşıl divarlar (Green Wall) kimi fərqli üsublarda bağçalar yaradılmaqdadır. Qədim sivilizasiyalarda görülən bu bağçalar artıq günümüzdə şəhər həyatına keçid edərək onun bir peyzajı olmuşdur. Bu bağçalar müasir dövr ilə uyğunlaşdırılaraq həm çöl həm də daxili məkanların dizaynının qurulmasında istifadə edilir. 
Tarixi. Yaşıl divarlar - şaquli istiqamətdə sərhədləndirilmiş bir sahənin üzərində yaradılmış bitki örtüyü olaraq tanınır. Binaların ən üst hissələrinin və divarlarının bütöv bitki ilə örtülməsi sayəsində hazırlanır. Yaşıl divarlar fikri təxminən 2500 il əvvəl dünyanın 7 möcüzəsindən biri olan Babildə ortaya çıxmışdır. Antik Babildə İmperator II Navuxodonosorun Midiya şahının qızına - Semiramidaya olan sevgisinin bir göstəricisi olaraq bilinən bu nəhəng şəhər – Babilin Asma Bağları modern yaşıl divarların atası sayılır. 

Babilin Asma Bağçaları

Miladdan əvvəl III – Miladdan sonra XVII yüzillikləri arasında Romalılar qəfəs bağçalar hazırlamış və bu divarlarda üzüm yetişdirmişlər. 1920-ci illərdə İngiltərə və Qərbi Amerikada  evlərin və bağçaların üzərindəki dırmaşan bitkilər qəfəs olaraq bilinən vasitələrlə divarlara bərkidilirdi. 1988-ci ildə polad naqillərdən istifadə edilməyə başlamış və 1990-cı ilin əvvəllərində isə daha fərqli tipdə vasitələrdən istifadə olunmağa başlanılmışdır.
Yaşıl Divarlar sahəsində peşakar olaraq tanınan insanlardan biri 1953-ci ildə Parisdə doğulan fransız botanik Patrick Blanc-dır. 1982-ci ildən bəri Fransa Milli Elmi Araşdırma Mərkəzinin üzvi olan Patrick tropik meşələrin florası sahəsində ixtisaslaşmışdır. İlk yaşıl divarını 1986-cı ildə Parisdə yerləşən Elm və Sənaye Muzeyinin binasında hazırlayan botanik bu günə kimi 250 – dən çox belə bağça yaratmışdır. Bu bağçaların hazırlanmasının əsas təməli bir divar üzərində və torpaqsız bitki yetişdirməyə dayanır.
Patrick Blanc
Patrick gənclik illərində akvariumu təmiz saxlayacaq bitki növlərini araşdırarkən bir sarmaşıq növünə rastlayır. Bu sarmaşığın balıq nəcisi ilə torpaqsız böyüyə bildiyinin şahidi olur. Sonrakı illərdə bitkilər üzərində daha çox araşdırma apararaq 2500 dən çox bitki növünün torpaqsız və az işıqlı ortamda, ağac və qayaların üzərində sadəcə nəmdən istifadə edərək yetişə bildiyini görərək bu bitkilərin yaşıl divarların hazırlanılmasında istifadə edilə biləcəyinə qərar vermişdir.  Həmçinin, bir sənətkar olan Patrick ilk öncə kağıza çəkdiyi bağçaların flora və funasını dəqiqliklə seçərək, bu divar ekosisteminin şəhərlə balanslaşdırmasını vacib olaraq göz önünə qoyur. 1994-cü ildə qatıldığı Chaumont Bağça Festivalında “Yaşayan Divarlar” adını verdiyi bu bağça konsepti çox bəyənilmiş və hər keçən gün inkişaf etdirilərək günümüzə qədər gəlib çıxmışdır.
Özəllikləri. Bitkilər həyatımızın bir parçası olaraq son dərəcə önəmli sərvətlərdir. Təbiətin və yaşılın ətrafımızda olması və dayanıqlığının saxlanılması həmişə çətin problemlərdən olmuşdur. Şəhər aqlomerasiyasının sürətlə artması hər keçən gün insanları daha çox bina arasında qalmağa məcbur edir. Son illərdə bu problemin ən yaxşı həll yollarından biri yaşıl divarlardır. Landşaft sektoruna yenilik gətirən yaşıl divarlar təbiət ilə texnologiyanın divarlarda bütünləşdiyi dekorativ sistemdir. Hətta ən kiçik sahələrdə (məsələn; ev şəraitində), əkin mümkün olmayan torpaqlarda belə bu üsuldan istifadə edilə bilər.

Patrickin hazırladığı Yaşıl Divar
Şaquli şəkildə olan bütün sahələrdə müxtəlif vasitələrlə bu bağçaların yaradılması mümkündür. Estetik və vizuallıqla yanaşı ətraf mühitə bir çox faydalar təqdim edən yaşıl divarlar, adam başına düşən yaşıllıq miqdarını artıraraq, binaların yayda sərinliyini, qışda isə istiliyini təmin edir. Bildiyimiz kimi yaşıl bitkilər fotosintez prosesində ciyərlərimizə çəkdiyimiz təmiz oksigen qazının təminatçısıdırlar. Digər tərəfdən bu canlılar həmçinin istixana effektinin yaranmasının qarşısını almaqla dünyamızı qlobal istiləşmədən qoruyur. Həmçinin, istifadə olunan bitkilərin havadakı tozu və kiri təmizləməsi nəticəsində ətraf mühitin hava keyfiyyətini artıraraq istilik və səs izolyasını tənzimləyir. Bu isə ekoloji cəhətdən əlverişli və enerjiyə qənaət deməkdir.
Yaşıl divarlar estetik baxımdan hər zaman insanların diqqətini çəkmişdir. Daxili məkanlara gətirdiyi canlılıq və xoş görünüş nəticəsində insanlarda ruh yüksəkliyi yaradan yaşıl divarların radiyasiya məruz qalan ofislərdə, restoranlarda, otel və alış-veriş mərkəzlərində, yaşayış yerlərində və eləcə də çöl mühitində quraşdırılması çox vacibdir. Səs-küyün qarşısını aldığına görə parklarda, istirahət mərkəzləri ilə nəqliyyat yollarının arasında və s. kimi səs-küyün yüksək olduğu yerlərdə quraşdırılması məsləhətlidir.
Azərbaycanda Yaşıl divarlar. Təəssüf ki, ölkəmizdə parklarda, ictimai-iaşə və s. yerlərində Yaşayan – Canlı divarlara nadir hallarda rast gəlinir. Yalnız bəzi iş yerlərində, restoranlarda, ticarət məkanlarında süni şəkildə divarlarda yerləşdirilmiş bitkilər görə bilərik. Təbii ki, bu canlı bitkiləri heç vaxt əvəz edə bilməz. 

Bu gün biz yaşıl divarlara yalnız köhnə binaların, şəxsi həyət evlərinin divarlarında - sarmaşan bitkilərə rastlaya bilərik. Yenə də yaşıl divarların ölkəmizdə tanınması və sevilməsi üçün istirahət zonalarında – parklarda müxtəlif dekorasiyalarda tətbiq olunmalıdır. Lakin sevindirici haldır ki, bu sahədə fəaliyyət göstərən bir neçə şirkət mövcuddur ki, müştərilərinə müxtəlif növlərdə yaşıl divarlar təqdim edirlər (Green, Ecopark MMC).

Müəllif: Nərmin Xanməmmədzadə
Ədəbiyyat
1. T.C.Millî Eğitim Bakanlığı, Tarım, Dikey Bahçeler, Ankara, 2016

Комментариев нет:

Отправить комментарий