Gədəbəy
rayonunun coğrafi mövqeyi, torpaq iqlim şəraiti, rayonun yaxud yerləşdiyi bölgənin
ekoloji problemi və bu problemin həlli üçün görülən işlər (Yazının birinci hissəsi
texniki artıq məlum olan məlumatlara, ikinci hissəsi isə orada olan əsas
ekoloji problem və onun yaranma səbəbi və qarşısının alınması üsullarına olan
müəllifin şəxsi mülahizələri əks olunub.)
Birinci hissə: Gədəbəy rayonu Kiçik Qafqazın orta və yüksək dağlıq qurşaqlarında yerləşir.
Ərazisi Şahdağ silsiləsinin şimal yamacını, Başkənd-Dəstəfur çökəkliyinin və Şəmkir
dağ massivinin bir hissəsini əhatə edir. Sahəsi 1232,98 kv kilometrdir, əhalisi təxminən 99
min nəfərdir. Rayondakı ən uca zirvələr – Qoşabulaq (3549 m) və
Qocadağ (3317 m) dağlarıdır. Uca dağlarda tundraya xas iqlim, dağların ətrafında
isə quru yay iqlimi müşahidə olunur. Burada iyul ayında havanın temperaturu
+10°C-dən +20°C-dək, yanvar ayında isə -2°C-dən -10°C-dək dəyişir. Gədəbəy rayonunun ərazisi
Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Burada
dünya əhəmiyyətli 1, ölkə əhəmiyyətli 81 və yerli əhəmiyyətli 24 tarixi abidə
mühafizə olunur.
700-2000 m arasında
mülayim-isti iqlimə malik dağlıq ərazilərdə dağ-meşə torpaqları yayılıb. Sarı,
qara, qonur və qəhvəyi rəngli növlərə ayrılır. Çürüntü ilə zəngin rütubətli meşələr
altında- qonur; iqlimi nisbətən quraq keçən meşələr altında isə - qəhvəyi
torpaqlar inkişaf edib. Sarı torpaqlar rütubətli subtropik iqlimə malik Talış
dağları və Lənkəran ovalığında yaranıb. Tərkibində dəmir çox olduğundan torpaq
qırmızı və sarı rəngə çalır. Çay, limon, feyxoa, tərəvəz və tütün becərilir.
Dağ qara torpaqlar yüksək məhsuldar olub Şamaxı, Ismayıllı və Gədəbəy
rayonlarında yayılıb. Dəmyə şəraitində taxıl, kartof, günəbaxan, üzüm
yetişdirilir.
Rayonda ərazisində məşhur «Qızılça» yasaqlığı və 4 təbii
abidə – Qovdu, Gödəkdərə, Qamış və Şamlıq meşə massivləri var. Keçidərəsi
yarğanında şəlalə, Keçi-keçi, Cərcə, Cüyür və Ayıbulaqları, eləcə də Çaldaş,
Qızılca Narzan, Mor-mor mineral su bulaqları var. Rayonun dağlarında, meşə və
dərələrində heyvanat və bitki aləmi çox zəngindir. Şəmkir çayında balıq tutmaq
üçün şərait var. Qalakənd kəndinin yaxınlığında balıqçılıq təsərrüfatı
fəaliyyət göstərir.
Ümumiyyətlə Gədəbəyin tarixinə baxsaq bura təbii sərvətlərlə
çox zəngin ərazidir. Məsələn, Qalakənddə misi
elektrik üsulu ilə əritmək üçün Rusiyada ilk dəfə olaraq su elektrik stansiyası
tikilmişdi. Rusiya imperiyasında istehsal olunan misin dörddə bir hissəsi
Gədəbəy-Qalakəndin payına düşürdü. Gədəbəy-Qalakənddə mislə bərabər, xeyli miqdarda
qızıl və gümüş də əldə edilmişdi. Burada istehsal olunan məhsul, nəinki Rusiya
bazarına, eləcə də dünya bazarına çıxarıldı.
Heydər Əliyevin Azərbaycana
birinci rəhbərlik dövrü (1969-1982-ci illər) respublikanın hər bir yerində
olduğu kimi, Gədəbəy rayonunda da geniş quruculuq işləri ilə əlamətdar oldu. Gədəbəy
şəhərində Mərkəzi univermaq, hündürlüyü 100 metr olan teleötürücü qüllə, mərkəzi
avtovağzal, 5 min tamaşaçı tutan stadion və idman kompleksi, 1941-1945-ci illər
müharibəsi zamanı həlak olan döyüşçülərin xatirə kompleksi tikildi. Həmin dövrdə
Gədəbəy şəhərində müasir tipli «Rabitə evi» və 1000 nömrəlik ATS-in istifadəyə
verilməsi şəhər əhalisinin telefon problemini həll etmişdir. 1978-ci ildə
«Qaraçökək» adlanan sahədən Gədəbəy şəhərinə su kəməri çəkilmiş, 600 ton su
tutumu olan anbarın tikilməsi ilə şəhərdə çoxmənzilli yaşayış evlərinin su təchizatında
lazımi qayda yaradılmışdır. Rayonda məktəb tikintisinə də xüsusi diqqət
yetirilmişdir. Hazırda rayonda 180 şagird yerlik 1 saylı Qoşabulaq, 180 şagird
yerlik Samanlıq, 480 şagird yerlik Arıqdam, 180 şagird yerlik İsalı, 180 şagird
yerlik Moruxlu kənd orta məktəbləri və Uşaq Yaradıcılıq Mərkəzi yenidən
tikilərək şagird-müəllim kontingentinin istifadəsinə verilmişdir. Bunlardan əlavə
Heydər Əliyev adına Mərkəzi Parkda geniş abadlıq-quruculuq işləri
aparılmış, parkda uşaq əyləncə yerləri quraşdırılmış, parkın şimal-qərb hissəsində
açıq şəraitdə kütləvi rayon tədbirlərinin keçirilməsi üçün 1000 nəfər tutuma
malik olan Amfiteatrın, rayonun dairəvi hərəkət zolağında 8,75 m hündürlüyündə
saat qülləsinin tikintisi sona çatdırılmışdır. Gədəbəy şəhərində və rayonun
bütün kəndlərində mənzil tikintisi geniş vüsət almışdır. Rayon ərazisində ümumi
sahəsi 133,152 kvm. olan yaşayış evləri, o cümlədən, Gədəbəy şəhərində 7 ədəd
çoxmənzilli yaşayış binaları tikilmişdir. Gədəbəy-Novosaratovka-Qaravəlilər
Novosaratovka, Qarıkənd-Miskinli-Çalburun avtomobil yollarının tikintisi
sona çatdırılmışdır. Şəmkir-Novosaratovka avtomobil yolunun üzərində yerləşən Zəhmət,
Gərgər, Poladlı, Qaraməmmədli və Novosaratovka kəndlərində və Gədəbəy şəhərində
6 yeni körpü tikilmişdir. Bunlardan ikisi Novosaratovka kəndində Fındıqlı çayı
üzərində və digəri isə Gədəbəy şəhərinə giriş hissədə Çolpan çayı
üzərində tikilmiş nəhəng strateji əhəmiyyətli körpülərdir.
Şınıx kəndində 15
çarpayılıq xəstəxana, Böyük Qaramurad, Zəhmət və Xarxar kəndlərində hər biri
300 nəfər tamaşaçı tutan mədəniyyət evləri tikilərək əhalinin istifadəsinə
verilmişdir. 1970-ci ildən başlayaraq, rayonda müasir tipli heyvandarlıq
komplekslərinin tikintisi ardıcıl xarakter almışdır. Qısa müddət ərzində Gərgər,
Samanlıq, Novosaratovka və Zəhmət kəndlərində hər biri 800 başlıq heyvandarlıq
kompleksləri tikilmiş, bununla da rayonda heyvandarlığın maddi-texniki
bazasının möhkəmləndirilməsi sahəsində əsaslı dönüş yaradılmışdır. Həmin illərdə
rayonda ət, süd istehsalı 2 dəfədən çox artmış, iribuynuzlu mal-qarının,
qoyunların sayı xeyli çoxalmışdır. Kartof istehsalı 1970-ci ildə 6.495 ton
olduğu halda, 1980-ci ildə 31,198 tona çatdırılmışdır.
İkinci hissə: 16
iyul 1996-cı il tarixdə qəbul edilmiş «Torpaq islahatı haqqında» Azərbaycan
Respublikası Qanunu hər bir gədəbəylinin həyati mənafeyinə müsbət təsir göstərmiş,
onların maddi təminatına müstəsna zəmin yaratmışdır. (Sırf Gədəbəy
zonasının torpaqları Azərbaycan ərazisində əkinçilik baxımından ən yüksək qiymətləndirildiyindən
(dağ qara torpaqları) orada sosial təminat məsələsi elə də qabarıq deyil, lakin
bir sıra ekspertlər, eləə də şəxsi fikrimcə, torpaq islahatları öz dövrü üçün
uyğun olsa da, indiyə kimi belə də davam etməsi iqtisadi və ekoloji baxımdan səmərəli
deyildir.)
Ümumi götürəndə başqa yerlərlə nisbətdə burada yüksək
keyfiyyətli qara torpaq və dəmyə (red. suvarmsız əkin) şəraitində əkin
aparıldığı üçün burada elə də böyük problem görünmür. (Dəmyə şəraitli torpaqlar
əkinə daha yararlı və məhsuldardır, amma əlbəttə ki, bu torpaqlar belə
suvarılmadıqda əksərən suvarılan torpaqlara nisbətən az məhsuldar olur.) Gədəbəydəki
ekoloji problemi Şahdağda sürüşmə zonasının olmasıdır. Bu ekoloji problemin yaranma səbəbi isə Gədəbəy rayonunun
109 yaşayış məntəqəsindən 36-nın təbii qazla təchiz
edilməməsidir.
Bu qaz çatışmazlığından yerli əhali müxtəlif yollara əl atır. Hava şəraitinin
pis olduğu günlərdə və qızdırıcı kimi balonlarda olan qazın işə yaramadığı
zamanlar və əlavə qızdırıcı vasitənin də olmadığı üçün yerli sakinlər Şahdağ
zonasında olan ağacları qırıb oduncaq kimi istifadə edir və təbii meşə
örtüyünün sahəsini azaldırlar. Buna qarşı qanunvericilikdə uyğun cəza tədbirləri
və cərimələr tətbiq olunsa da, yerli sakinlər üçün öz həyatları cərimədən daha
öndədir. Ağacların qırılması isə ekoloji düzgün üsulla yox, asan, rahat üsulla
aparılır. Əgər meşəlik ərazidə hər 100 ağac olan sahədən bir ağac kəsəriksə, bu
ümumi meşə üçün elə də böyük təhlükə olmaz, lakin ancaq kənd ətrafında olan ərazilərdəki
meşələrin kəsilməsi həmin ərazinin özünübərpasının çətinləşdirir, hətta
mümkünsüz edir. Bu uzunmüddətli kəsilmələr meşə sahəsində topa-topa keçəlləşməyə,
meşə sahəsinin azalmasına və meşənin məhv olmasına səbəb olur. (hal-hazırda qaz
olmayan kəndlərdə bunu rahatlıqla müşahidə edə bilərik) Eləcə də ağacların kəsilməsinin
özü də düzgün aparılmalıdır. Ağac kəsilən zaman onun kötüyü olduğu yerdə
saxlanılmamalı, onun ana kökü qazılıb çıxarılmalı və ərazisi ətrafdakı torpaqla
doldurulmalıdır. Bu ona görə lazımdır ki. ağac kökü torpaqda qaldığı zaman bir
neçə ay ərzində orada çürüyür və kök kövrəkləşir.
Ağac dağlıq ərazilərdə torpaq sürüşməsinin qarşısını
alan əsas qüvvədir və bayaq dediklərimi, yəni eyni ərazidə və yanlış ağackəsməni
nəzərə alsaq, Şahdağ ərazisindəki torpaq sürüşmələrinin təxmin etdiyim səbəbi
bizə aydın olacaq. Sürüşmə zonalarınn yaşayış məntəqələri olduğunu nəzərə alsaq
oradakı vəziyyətin təkcə təbiət üçün yox, insanlar üçün də nə qədər təhlükli
olduğunu anlayarıq. Qarşısını almaq üçün isə ərazinin təkcə qazla yox, istiləndirmə
ilə təmin etmək və cərimələri daha da sərtləşdirmək, eyni zamanda vətəndaşları
ağacların kəsilməsi mövzusunda maarifləndirmək lazımdır.
Müəllif: Rövşən Nəzərov
Mənbə: gedebey-ih.gov.az
Комментариев нет:
Отправить комментарий