2020-06-18

Vahələr


Antarktida səhrasında vahə

Təbiətin gözəlliklərindən olan Vahələr
Təbiət bəxş etdiyi gözəllikləri ilə həmişə insanları heyrətə gətirib. Milyon illərdir Yer kürəsinə adaptasiya olmuş flora və fauna sadəcə öz qanunları ilə deyil, Yer kürəsinin müxtəlifliyini təmin edən iqlimlə də uyğunlaşmaqdadır. Bəzən bu qanunauyğunluqların pozulması təbiətdə daha gözəl mənzərələrin, hadisələrin əmələ gəlməsinə səbəb olur.  Bunlardan biri də insanların yunancadan tərcümədə Oazis olaraq tanıdığı, ancaq ərəb dilindən leksikamıza daxil olmuş Vahələrdir.

Vahə - səhra və ya çöl ortasında suyu və bitki örtüyü olan sahə adlanır. Yəni Yer kürəsində səhra və yarımsəhra ərazilərdə təbii rütubətlənmənin nisbətən çox olduğu və yeraltı suların üzə çıxdığı sahələr vahə adlanır. Qütb səhralarında da vahələr yaranır. Bu vahələrdə mamır və şibyə bitir.
İnsanları düşündürən məsələlərdən biri də vahələrin necə yaranmasıdır. Bu əsrarəngiz sahələr səhra və ya yarımsəhra ərazidə təbii rütubətlənmənin nisbətən çox olması yəni yeraltı suların səthə yaxın olması, bulaq sularının təbii çıxışı, vaxtaşırı çayların daşması, çay, göl, kanal və quyu sularından suvarma məqsədilə istifadə edərkən süni rütubətlənmənin əmələ gəlməsi sayəsində mümkün olur.
Vahələrin yaranması üçün yeraltı suların şirin olması çox vacibdir. Məsələn, iqlimi çox quraq ölkələrdən olan Avstraliyada yeraltı sular duzlu və dərində olduğundan vahələr yarana bilmir. Vahələrə ən çox Şimali Afrika, Ərəbistan, Cənub-qərbi Asiyada, Mərkəzi Asiya da rast gəlinir.
Vahənin başqa özəlliklərindən biri də "Səhra Kompası" olaraq tanınmasıdır. Məsələn, Liviyada Böyük Səhranın istiqamətləri iki böyük vahə - şimalda Avcila, cənubda Kufra vasitəsi ilə təyin edilir.
Həmçinin, vahələr köç edən heyvanlar üçün əhəmiyyətli olan yerlərdir. Buraya su və yem arxasınca quşlar, habelə tülkü, koyot, çöl pişiyi kimi iri heyvanlar da toplaşırlar.
Belə bir deyim var: Su həyatdır! Həqiqətən də vahələrin əmələ gəlməsinin başlıca səbəbi  sudur. Canlı aləmə həyat verən su vahələrin flora və faunasının müxtəlifliyinə təsir edir. Belə ərazilər keçmiş zamanlardan insanların məlumatı olmadan formalaşıb öz dayanıqlığını təmin etmişdir. Lakin insanlar həmişə bir yerdə məskunlaşmamışlar. Onlar hərəkət halında olaraq, münbit torpaqlar axtarışında olmuşlar. Buna görədə səhrada və yarımsəhrada yaşayan bəzi köçəri tayfalar vahələr tapdıqda burada uzun illər məskən salmışlar. Sahəsi bir neçə hektardan yüzlərlə hektara qədər olan (Afrikada Nil çayı dərəsi, Orta Asiyada Fərqanə dərəsi, Amudəryanın aşağı axını və s.)  vahələrdə, vadilərdə əhali yaşayır və kənd təsərrüfatı məhsulları yetişdirirlər. Burada ərzaq bitkiləri, qiymətli texniki bitkilər xüsusən pambıqüzüm və s. becərilir. Afrika və Cənubi-Qərbi Asiyadakı vahələrin xarakterik bitkisi isə xurma ağacıdır.
Liviya, Qədamis
Yer kürəsində belə yerlər çoxdur. Onlardan biri İslam dinindən öncə də var olan - Liviya ərazisində yerləşən Qədamis (Bərbər dilində: Ghdames; Liviya Ərəbcəsində: Ġdāməs) adlı vahədir. Liviyanın 462 km güneyqərbində Əlcəzair və Tunis sərhəddinə yaxın olan bir bölgədə yerləşir. Burada təqribən 10000 tuareq bərbərləri yaşayır. Qəsəbənin tarixi mərkəzi olan və torpaqdan hazırlanmış üstü bağlı evlər və küçələr tarixi bir divarla çevrələnmişdir. Bura UNESCO tərəfindən Dünya İrsi siyahısına salınmışdır. 

Belə vahələrdən başqa birisi də Perunun güneyqərbində yerləşən Huacachina adında olan kənddir. Hər tərəfdən bir neçə fut hündürlükdə qum təpələri ilə əhatə olunan vahə “sehrli” təbii gölün ətrafında formalaşmışdır. Bu balaca kənddə İnklərin nəvələrindən olan, təqribən 100 adam yaşayır. Bura dünyanın ən quraq bölgələrindən biri kimi də tanınır. İnsanlar maddi qazanclarını turizmdən əldə edərək yaşayırlar. Hər il 200 000 turist buranı görməyə və qum üzərində sörf etməyə (ing. Sandboarding) gəlir. Bu vahə Peru dövləti tərəfindən milli mədəniyyət irsi elan edilərək qorunur. 

Peru, Huacachina

Təəssüflər olsun ki, bütün vahələr öz dayanıqlığını davam etdirə bilməyərək ucsuz bucaqsız qum təpələri arasında yox olur ya da yox olmaq təhlükəsi ilə üz-üzə qalır. Çinin şimal-qərbində, Dunhuan şəhərindən 6 km aralıda - səhrada 2 min il yaşı olan Yueyaquan adlı aypara formasındakı vahə hər il yox olmaq təhlükəsini yaşayır.  Onu saxlamaq üçün edilən bütün cəhdlərə baxmayaraq, hər il Yueyaquan (Aypara göl, ing. Crescent Lake) gölünün quruması ilə bağlı olaraq vahənin sahəsi azalır. Çin höküməti gölü qorumaq məqsədilə xüsusi programlar hazırlayır, gölü yenidən su ilə doldururlar.  Buna baxmayaraq 1,3 milyon kv.km - lik vahə “Qobi səhrasının mirvarisi” adlandırılır və UNESCO-nun Dünya İrsi siyahısına salınıb. Gölün ətrafında qədimi buddist məbədləri yerləşir. Buranı görmək istəyən turistlər səhranı dəvələr və ya ATL (all-terrain vehicle)  tipli maşınlardan istifadə edirlər.

Çin, Yueyquan

Keçmiş dövrlərdə vahələr böyük dövlətlərin başlanğıc nöqtəsi olmuşlar. Qədim tayfalar vahələrin ətrafında məskunlaşaraq şəhərləşmə prosesini gücləndirmişlər. Belə dövlətlərə “Vahə dövlətlər” deyilir. Vahə dövlətlərinə  Baktriya, Parfiya, Xarəzm, Margiana və Soqdiana - nı göstərmək olar.
Sivilizasiyanın inkişafı nəticəsində  artıq vahələrin ətrafında sənaye sahələrinində inkişaf etdiyini görə bilərik. Sintszyan - Uyğur Muxtar Rayonu (Xinjiang) Çinin ən iri inzibati-ərazi vahidləri arasında ilk yerdədir. Bu rayon bir-biri ilə sıx əlaqədə olan 3 böyük ekoloji sistem içərisindədir. Burada çölləşmiş, eroziya nəticəsində itirilmiş və duzlaşmış torpağın ölçüsü 1 milyon kv.km dən çoxdur. Hansıkı bu ölçü rayonun ümumi sahəsinin yüzdə altmışdan çoxu edir. Buna görə də bu rayon Çinin ən böyük çöl sahəsi olaraq bilinir. Digər tərəfdən burada sənaye sahələrinin inkişafına təkan verəcək təbii sərvətlərin olması, rayonun inkişafına kömək edir.
SUMR – xəritəsi

SUMR-in iqtisadiyyatının inkişafı vahələr sayəsindədir. Rayonun keçmişinə nəzər saldıqda insanların vahələrdə kiçik iqtisadi bölgələr yaratdıqlarını görə bilərik. Yəni burada yaşayan insanlar kənd təsərrüfatı ilə məşğul olaraq öz qidalarını təmin edirdilər.
Rayonda əlverişsiz vahələr olsa da, fərqli yerlərdə su qaynaqlarının və bitki örtüyünün zəngin olduğu yerlərdə vardır. Siz burada əkin sahələrini vahələrin və süni vahələrin yanında görə bilərsiniz. Süni vahələrin sahəsi 68 300 kv.km, təbii vahələr isə 79 300 kv.km – dir.
Vahələrin olduğu yerlərdə kəndlər, qəsəbələr, sənaye müəssisələri, mədən ocaqları qurulmuşdur. Vahələrdən uzaqlaşdıqca isə siz ancaq ucsuz bucaqsız çöllər, quraq torpaqlar görə bilərsiniz. Vahələrdə isə bol su qaynaqları, bərəkətli torpaqlar, isti günəş və ondan alınan təbii enerji mövcuddur. Yəni, bu torpaqlar yalnız kənd təsərrüfatı üçün əhəmiyyətli deyil, yerli əhali və iqtisadiyyat üçün önəmli mərkəzlərdir. Əhalinin artımı, sərvətlərin dəyərləndirilməsi, kənd təsərrüfatının inkişaf etdirilməsi, sənayenin qurulması, kəndlərin inşa edilməsi və xidmət sektorunun artması ilə SUMR-in öz iqtisadiyyatının yaranmasına səbəb oldu.
Dövlət proqramlarına əsasən gələcək vaxtlarda SUMR-də 70 min kv.km – lik süni vahə yaradılacaq. Beləliklə, ümumilikdə süni vahələrin sahəsi 140 000 kv.km olacaq. Həmçinin, bu proqramda qurulması planlaşdırılmış 50 kənd və 270 qəsəbənin ümumilikdə 30 milyon əhaliyə çatacağı gözlənilir.
SUMR-də Vahə İqtisadiyyatı.
Vahə iqtisadiyyatı quraq bölgəyə məxsus bir iqtisadi modeldir. Bu modelə görə vahələrdə istehsal, alış-veriş, ixrac və istehlak edilməsi və digər fəaliyyətlər həyata keçirilir. Vahə iqtisadiyyatı yerləşdiyi bölgəyə görə fərqli xüsusiyyətlərə sahib ola bilər. Ona görə də burada diqqət edilməsi vacib olan bəzi məsələlər var.
Ərazinin sulanması vahə iqtisadiyyatının əsasıdır. Şirin su ehtiyatlarının az olduğu ölkələrdə bu prosesi dəyişmək üçün əkinçiliyin, meşəçiliyin, heyvandarlığın və balıqçılığın bir araya gətirilməsi planlanmalıdır. Bu həm fiziki həm də zehni əməklə məşğul olan insanların da işlə təmin olunması deməkdir. Ona görə də, SUMR-də iqtisadi quruluşun çeşidləndirilərək  daha da inkişaf etdirilməsi məsələsi gündəmdədir.
Çöllər, Gobi çölü və dağlarla əhatələnmiş vahələrin arasındakı məsafə onlarla kilometrdən, yüzlələrlə kilometrə qədər uzanır. Yəni, vahələr bir-birindən təcrid olunmuş və zəif vəziyyətdədirlər. Buna görə də, vahə iqtisadiyyatının inkişafını sürətləndirmək üçün dəmir, quru, hava yollarının inşa edilməsinin  gücləndirilməsi, boru kəmərlərinin döşənməsi, qısacası müasir bir telekommunikasiyanın qurulması gərəkdir. Beleliklə, rayondakı böyük və kiçik vahələr bir-birinə bağlanan və quruluşu rasional, inteqrə olunmuş bir iqtisadi sistem yaranacaqdır.
Əvvəldə dediyimiz kimi su vahələrin və vahə iqtisadiyyatının əsasıdır. Su qaynaqlarının tükənməsi vahələrin yox olmasına və vahə iqtisadiyyatının çökməsinə səbəb ola bilər. Bu səbəbdən su qaynaqlarının elmi şəkildə qorunması və düzgün paylanılması planlanmalıdır.
SUMR-də suya daha çox dəyər verildiyindən, bu baxımdan Kaşgar, Aksu, Kulca və Hoten kimi vahələr genişləndirildi və Şiheze, Aral, Beiotun kimi vahələr sürətli şəkildə inkişaf etdirildi. İndi süni vahələrin sahəsi XX yüzilin 50-ci illərinə nəzarən 4 qat genişdir. Burada vahələrin ekoloji vəziyyətinin yaxşı olmaması səbəbilə vahələr süni meşə və bitki örtüyü ilə təmin olunur. ÇXR-in qurulmasından sonra, xüsusilə də XX əsrin 80-ci illərindən günümüzə qədər SUMR-də meşə və ərazilərin qorunması ilə bağlı qanunlar tətbiq edilərək, ağaclar əkilmiş, bağlar salınmış, bitki örtüyü yenilənmişdir. Beləliklə bütün ərazi üzrə əkilən bitki örtüyünün sahəsi 800 min hektarı aşmış və əvvəl meşənin sahəsi 50 il əvvəl 1.03 % idirsə, indi 1.68 %-ə çatmışdır.
Çəkilən misallar göstərir ki, vahələr keçmişdən bu günə kimi həm ekoloji cəhətdən, həm də sivilizasiyanın inkişafı üçün mühüm rol oynamışdır. Elm inkişaf etdikcə süni vahələrin yaradılması və onlardan istifadə olunması insanların həyatında böyük dəyişikliklərə yol açmışdır. Ona görə də vahələrin qorunması və süni şəkildə artırılması mütləqdir. Bunun üçün vahə ekosistemini mükəmməl anlamalıyıq.

Müəllif: Nərmin Xanməmmədzadə
Ədəbiyyat
1. Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı
2. Coğrafiya Ensiklopediyası, Bakı, Çaşıoğlu Multimediya, 2012
4. Zeng Dazhao  Xinjiang`a özgü ekonomi, Wuzhou İletişim Yayınevi

Комментариев нет:

Отправить комментарий