2020-06-21

Qədim Misirdə şəhərsalma


Misir torpaqlarının ilk insanlar tərəfindən məskunlaşması eramızdan əvvəl X-VI minillikdə başlamışdır. Neolit ​​dövründə əkinçiliyin inkişafı ilə Nil vadisində ən qədim kənd təsərrüfatı kəndləri meydana çıxdı, sonradan həmən kəndlər çoxsaylı dövlət qurumlarına - nomlara birləşdi. Eramızdan əvvəl IV minilliyin ortalarında bütün nomlar  Şimal və Cənub krallıqlarında birləşdilər. 
Erkən Krallıq dövründə (e.ə. 3000 - 2800) şəhərlər kiçik, yaxşı möhkəmlənmiş və ehtimal ki, yuvarlaq bir plan şəklinə sahib idi. Bunu Misirin ieroqlifi, ən qədim şəkillər, habelə Nilin sağ sahilindəki Nekheb şəhərinin qalıqları göstərir. (arxeoloji məlumatlara görə, Nekheb şəhəri 400 m. diametrli dairəvi bir plana malik idi və şəhərin ətrafı çiy kərpicdən düzəlmiş qala divarları ilə çevrili idi)
Qədim Misir şəhər planlaşdırmasında xüsusi bir yer saray, məbəd və yaşayış binalarının mürəkkəb bir konqlomeratı olan paytaxtlara ayrılır. Bu cür paytaxt - şəhərlər böyük ölçüdə olurlar və şəhərin yanında əlavə geniş bir nekropolun olması ilə də digər şəhərlərdən fərqlənirlər. 
Qədim Krallıq  dövründə (e.ə. 2800 - 2250) Misirin paytaxtı Nil boyunca uzanan və ölçüsü 14 x 7 km olan Memfis şəhəri olur. Cənubdan şimala doğru  şəhərdə çox kilometrlik bir küçə  var idi və bu küçəyə  məbəd komplekslərindən çaya və yaşayış binalarına  aparan əlavə küçələr birləşidilər. Memfis yaxınlığında, Nilin sol qərb sahilində, Saqqara, Giza və digər dəfn kompleksləri var. Onların təsirli memarlıq quruluşları, istiqamətləri günəşin hərəkəti ilə əlaqədardır və buna görə də həmin ərazidəki yollar Memfis şəhərinin mərkəzində olduğu kimi əsas enli bir küçədən ayrılan kiçik küçələr planında yox, tam tərsinə vahid yolun bütün abidələrə getməsi planında salınıb.
Orta Krallıq dövründə (e.ə. 2050 - e.ə. 1700) bir sıra yeni şəhərlər meydana gəldi, o cümlədən ilk müntəzəm şəhər - Kahun şəhəri. Bu, 360 x 280 m ölçülü, düzbucaq formalı idi.  Şəhərin qərb hissəsi daxili divarla ayrılmışdı - burada inşaatçılar və qullar yaşayırdılar. Şəhərin şərq hissəsində firon da daxil olmaqla, imtiyazlı sakinlər yaşayırdı və orada bir bazar var idi. Şəhərin Qərb hissəsində isə kasıblar yaşayırdılar və belə bir "şəhər daxili bölgü" yolsalmaya təsirsiz ötüşə bilməzdi. Şəhərin hər iki hissəsində bir böyük küçə yerləşirdi. Bu böyük küçələrə isə  daha kiçik küçələr birləşirdilər və kiçik bir küçə isə o iki böyük küçəni birləşdirirdi. Bütün şəhər bir qala divarı ilə əhatə olunmuşdu. O dövrdə Nil boyunca şəhər ərazisinin sərbəst inkişafı, fironun növbəti iqamətgahının yaxınlığında və ya hər bir məbəd mərkəzinin yaxınlığında yaşayış sahələrinin yerləşdirilməsi, sağ sahil boyunca uzun, monumental formalı bir yolun olması ilə xarakterizə olunan köhnə böyük mərkəzlər (Thebes və s.) inkişaf etdi. 
Yeni Krallıq  dövründə (e.ə. 1580-1070) firon Axenatonun rəhbərliyi ilə Axetaton şəhərinin qurulması Misir şəhər planlaşdırmasının vacib bir uğuru idi. Şəhər çay boyunca yerləşirdi və böyük uzunluğa malik idi. Əsas saray və məbəd kompleksləri Kral Yolu (Böyük Kahinin küçəsi) ilə bağlanırdı. Şəhərin mərkəzində Ahetaton məbədi, üç fironun sarayı (hər biri açıq həyət var), şərq hissəsində isə kölə məhəlləsi var idi. 
Axetaton şəhərinin maraqlı tərəflərindən biri burda yerləşən kasıblara və varlılara aid evlər bir-birlərindən çox da fərqlənmirdilər. Onların arasındakı tək fərq varlılara aid olan evlərdə qullar üçün xüsusi ayrılmış hissələrin olmasıdır.
Qədim Misirdə şəhərsalma inkişafını yekunlaşdıraraq, təbii və tarixi şərtlərlə izah edilən şəhərsalma qərarlarının davamlılığını və sabitliyini qeyd etmək lazımdır. Bütün memarlıq quruluşları, memarlıq şəkilləri fəlsəfi və dini düşüncələrin (səma cisimlərinə istiqamətlənməsi və s.) təsiri altında yaranmışdır. Şəhərlərin tipologiyasında, planda təsadüfi inkişafı olan yuvarlaqlaşmış şəhərlərdən tədricən, planda müntəzəm inkişafı olan şəhərlərin görünüşünə və müxtəlif sosial statuslu sakinlər üçün rayonların bölünməsinə keçid var.

Müəllif: Mircavid Ağalarov
Mənbə :
3. Культура древнего Египта / Отв. ред. Кацнельсон И. — М., 1976.

Комментариев нет:

Отправить комментарий