2023-03-10

Su ehtiyatlarından səmərəli istifadə edərək torpaqların mühafizə olunması, əkinçiliyin inkişaf etdirilməsi və nəhayət su ehtiyatlarının qənaət olunması. Alternativ suvarılma metodları timsalında.


 

   Hazırda ölkəmizdə olan su qıtlığı, mənzillərdə vətəndaşların sularının kəsilməsi ilə nəticələnir. Bu çıxış yolu deyil nəzərə alsaq ki, Azərbaycan Respublikasının ümumi şirin su ehtiyatının 70 %-i kənd təsərrüfatının müxtəlif sahələrinə, o cümlədən əkinçiliyə sərf olunur, qənaət olunmalı olan sahə də elə məhz əkinçiliyin özüdür. Burada qeyd olunacaq üsullardan əlavə, kollektor-drenaj şəbəkələrinin köhnəldiyini, dolduğu üçün funksiyalarını düzgün yerinə yetirmədiklərini nəzərə almaq lazımdır. Buna görə də, onların yoxlanması, bəzi yerlərdə təmizlənməsi və ya dəyişdirilməsi zəruridir.

Günümüzdə əksər yerlərdə kənd təsərrüfatı yerləri (uqodiyalar) öz axını ilə və ya səth üsulu ilə suvarılır. Bu üsulun məğzi ərazilərdə axrların qazılması, daha sonra kanallardan ora su axıdaraq suvamadır. Bu üsul zamanı suyun çox sərf olunması, torpaq qatının bir hissəsinin pozulması və suvarmanın qeyri bərabər aparılması həm məhsuldarlığı aşağı salır, həm də suyun isfarı ilə su qıtlığına səbəb olur. Bu üsul ancaq çoxillik əkmələr zamanı istifadəsi məqbul sayıla bilər, amma o halda belə yeraltı suvarma üsulu daha müasir və məqsədəuyğundur. Əksər suvarma bölgələrində olduğu kimi öz axımı ilə suvarmadan yox, daha müasir suvarma üsullarından yəni, yağış yağdırma suvarma üsulu, yeraltı suvarma üsulu, damcılarla suvarma üsulu, aerozol (dispers su damcıları) suvarma üsullarından istifadə etmək lazımdır.

Ərazidə tətbiq olunacaq suvarma üsulunun düzgün təyin olunmasının vacib olduğunu hesab etdiyimiz üçün, bu suvarma üsulları haqda məlumat vermək lazımdır:


Səthi suvarma

Öz axını ilə və ya səth üsulu ilə suvarma açıq və ya qapalı kanallar vasitəsi ilə mənbədən birbaşa suvarılacaq torpaqlara verilməsidir. Burada şırım, zolaq və basdırma texnikalarından istifadə olunur. Bu suvarma üsulu çox su israf etdiyindən bu üsul əlverişli deyil.


Yağışyağdırma ilə suvarma
Yağış yağdırma ilə suvarma üsulu kanallarla nəql edilmiş suyun havadan yağış damcıları formaları ilə yağdırılaraq torpağın və bitkilərin üst səthinin isladılması şəklində verilir və yerüstü hissədə nisbi rütubəti yaxşılaşdırır. Yerli təbii təsərrüfat şəraitindən asılı olaraq, istehsalatda stasionar, yarımstasionar və hərəkətetdirilən yağışyağdırma sistemləri tətbiq olunur.

Yağışyağdırma üsulu ilə suvarmanın aşağıdakı üstün cəhətləri vardır:

ü suvarma mexanikidir, qismən və ya tam avtomatikləşdirilir. Bu o deməkdir ki, burada insan əməyinin istifadəsi azalır. Bu zaman kəndliyə də düşən yük azalır.

ü Öz axını və ya səth üsulu ilə suvarmada yaranan problemlər burada olmur. Yəni, hər il əsaslı hamarlama işlərinin parılmasına, şırım və zolaqların düzəldilməsinə ehtiyac olmur.

ü Daha mürəkkəb relyef şəraitində də bu üsulla suvarma mümkündür.

ü Sahələr üzrə suvarma suyu bərabər paylanır. torpağın hesabı qatında nəmlik daha dazgün tənzimlənir. Suyun aktiv təbəqədən aşağı keçməsinin qarşısını alınır.

ü Suvarma zamanı torpağın struktululuğu pozulmur. Eyni zamanda bitkinin gövdəsi də islandığı üçün ümumi buxarlanma aşağı düşür.

Üstünlükləri ilə yanaşı bu üsulun aşağıdakı çatışmayan xüsusiyyətləri və mövcuddur:

Ø Bütün bu qurğuların hazırlanması və quraşdırılmasına xeyli miqdarda metal sərf edilir. Eləcə də, qurğuların işlədilməsi üçün də enerji sərf olunur.

Ø Küləkli havalar üçün qeyri bərabər suvarılma səbəbindən belə suvarma üsulu səmərəsizdir.

Göründüyü kimi bu üsulun müsbət tərəfləri mənfi tərəflərindən daha çoxdur, lakin rayonun suvarılması zamanı bunun istifadə etməyin nə qədər əlverişli olub olmaması üçün rayonun hava şəraitinin necə olmasını nəzərə almaq bir o qədər vacib olacaq. Bitkinin əkilməsi zamanı orada hansı bitkini əkəcəyimizə də diqqət yetirməliyik, çünki kökləri daha çox su tələb edən bitkilər bu üsulla suvarılan zaman bu həmin bitkinin məhsuldarlığına çox da təsir etməyəcək.


Yeraltı suvarma
Yeraltı və ya torpaqdaxili suvarma üsulu yer səthinin 40-60 santimetr və bir birindən 90-280 santimetr aralı yerləşdirilmiş və üzərində deşiklər açılmış nəmləşdirici borularla verilən suya deyilir. Bu suvarma üsulunda bitki köklərinin inkişaf etdiyi aktiv torpaq qatında tələb olunan nəmliyin yaradılması kapilyarlarla təmin olunur.

Üstün cəhətləri bunlardır:

ü suvarma zamanlı torpağın üst qatının struktutu pozulmur, yer səthində qaysaqlar əmələ gəlmir;

ü tənzimləyici suvarma şəbəkəsinə ehtiyac duyulmur;

ü bitkinin vegetasiya dövründə torpağın aktiv qatında daimi olaraq tələb olunan nəmlik yaranır;

ü yer səthindən olan buxarlanması azdır;

ü suvarma mexanikidir, qismən və ya tam avtomatikləşdirilir.

Mənfi cəhətləri də vardır:

Ø xərclərin çox olması;

Ø torpağın üst qatının zəif nəmlənməsi;

Ø boruların lillənməsi;

Ø nəmləşdirici borulardan torpağın aşağı-dərin qatlarına sızma ilə itkilərin çox olması 

Buradan göründüyü kimi də bu üsulun müsbət xüsusiyyətlərinin çox olmasına baxmayaraq, mənfi xüsusiyyətləri də kifayət qədərdir. Su israfı burada birinci üsuldakı qədər çox olmasa belə. yenə də çoxdur. Qrunt sularının səthə yaxın olduğu yerlərdə bu üsulu tətbiq etmək problematik olacaq, çünki qrunt sularının səbiyyəsinin qalxmasına, şoranlaşma və təkrar şoranlaşmaya səbəb ola bilər. Eləcə də, digər alternativ üsullara nisbətdə su sərfiyyatı çox olduğu üçün, su ehtiyatları qıt olan rayonlar üçün tam uyğun alternativ olmaya bilər. Amma hər bir halda yuxarıda qeyd olunduğu kimi, öz axını ilə suvarmadan daha səmərəli suvarma üsuludur.

Damcılarla suvarma
Damcılarla suvarma üsulu yer səthindən 40-50 santimetr hündürlükdə yüngül materiallardan (əsasən polietilen) hazırlanan damcıladıcı dəlikləri olan borular şəbəkəsindəb ibarət suvarma şəbəkəsidir. Əsasən, meyvə bağları və üzümlüklərin suvarılmasında istifadəsi düzgün hesab olunur. Bütün vegetasiya dövründə suyun fasiləsiz verilməsinə görə torpağın aktiv qatında sabit optimal nəmlik rejimi yaranır.

Üstün cəhətləri aşağıdakılardır:

ü suvarma suyuna 1,5-2 dəfə qənaət olunur;

ü suvarma avtomatlaşdırılır;

ü suvarma suyu ilə bitkiyə lazım olan qida maddələri də verilə bilər;

ü mürəkkəb relyef şəraitində də bu cür suvarmadan istifadə etmək olar, hamarlama işləri tələb olunmur;

ü yüksək su keçirmə qabiliyyətli yüngül mexaniki tərkibli torpaqlar üçün səmərəli suvarma üsuludur;

ü yağışyağdırma üsuluna nisbətdə enerji xərcləri az olur.

Çatışmayan cəhətləri aşağıdakılardır:

Ø damcıladıcı və sulayıcı borular tutula bilir.

Ø damcıladıcılar arasında su qeyri-bərabər paylanır.

Ø tikinti xərcləri çoxdur.

Çoxillik əkmələrin üstünlük təşkil etdiyi rayonlarda kənd təsərrüfatı təyinatlı torpaqlarının suvarılmasında damcılı suvarma üsulu əvəzedilməz olacaq. Yüksək rentabelli bitkilərin suvarılması üçün də tətbiq edilə bilir, mürəkkəb relyefli ərazilərdə də çox əlverişlidir. Bu suvarma üsulu bir çox inkişaf etmiş ölkələrdə də tətbiq olunur. Bunların sırasından ABŞ, Almaniya, İsrail və İtaliyanın adını çəkmək olar. Eləcə də, Azərbaycanda son illərdə praktikada hiss etdirməsə də rəqəmlərdə ciddi narahatlıq doğuran su qıtlığı məsələsini də həll edə bilər. Suyun daha səmərəli istifadəsini tələb edən bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən fermer təsərrüfatları üçün bu üsul xüsusilə də perspektivli hesab olunur.

Dispers suvarma
Aerozol üsuli ilə suvarma və ya dispers su damcıları üsulu ilə suvarma üsulu daha mütərəqqi üsul hesab olunur. Bu üsulda suvarma suyu xüsusi qurğular vasitəsi ilə 50-300 mmk ölçüsünə qədər kiçik ölçülərdə damcılara ayrılaraq, duman şəklində bitkilərin gövdə və yarpaqlarına səpələnir. Nəticədə isə temperatur 6-12 C0-ə qədər salınır, əlverişli mikroiqlim şəraiti yaradılır və buxarlanma azaldılır.

Bu üsula yağışyağdırma ilə suvarmanın bir növü kimi baxmaq olar və fərqi ondadır ki, burada suvarma suyu torpağa deyil, narın damcılar şəklində bitkinin yer səthində olan gövdəsinə və yarpağına bir su təbəqəsi kimi yağdırılır. Kiçik dispersli çiləmə üsulu ilə suvarılan bitkilərin torpağındakı nəmlik, istilik və kimyəvi maddələrdən, havadakı rütubət, istilik və günəş radiasiyasından səmərəli istifadə etməsi üçün əlverişli şərait yaranır.

Bu üsulun əsas məqsədi, suvarılan ərazidəki torpaq səthinin mikroiqlim göstəricilərini tənzimləməkdir. Burada suvarılan sahəyə çilənmiş suvarma suyu bitki yarpaqlarında təbəqə şəklində qalaraq zamanla buxarlanır və buna görə də onu get-gedə sərinləşdirir. Suvarılmanın aparıldığı müddət ərzində isə torpağın səthindəki havanın rütubəti tədricən artır, buxarlanma isə azalır. Su hər bir iki saatdan bir, havanın temperaturu 20  C0-dən artıq olduğu zaman verilir. Belə çiləmə üsulunda biz suvarma suyuna iki üç dəfə qənaət etmiş oluruq. Torpaqdakı nəmliyin miqdarından əlverişli istifadə edirik. Bu üsul həm də tərəvəz bitkilərinin əkininin tezləşməsinə və məhsulun daha erkən yığılmasına imkan verir.

Rayon mərkələrində, xüsusən də, şəhər ərazisində parnik şəritində bu cür suvarma üsulunun tətbiqi çox faydalı ola bilər. Bunun tətbiqini yuxarıda yazılanlardan da göründüyü kimi əsas tərəvəz bitkilərinə tətbiq etmək olar, həmçinin digər istiliyədözümsüz bitkilərin əkilməsi zamanı da işlətmək olar.

Ümumiyyətlə, bütün bu suvarma üsullarını nəzərdə keçirməkdə əsas məqsəd müasir suvarma üsularının xüsusilə də bu ərazi üçün, həmçinin bütün ölkə üzrə səth suvarmasından nə qədər əhəmiyyətli olduğunu anlamaqdır. Dispers su damcıları üsulundan parniklərin suvarılmasında, damcılarla suvarmadan üzümlüklərin suvarımasında istifadə etmək olar. Əlbəttə, bütün bu sistemin qurulması xeyli xərc tələb edəcək, lakin onun səmərəsindən biz illərlə yararlana bilərik.

Dəmyə əkinçiliyi sudan istifadə etməyən əkinçilikdir. Bunun sudan istifadə olunmaması tərəfi müsbət amillətdən biri olmasına baxmayaraq, bu istər istəməz məhsuldarlığı xeyli aşağı salır. Buna görə də belə ərazilərdə də suvarmanın tətbiqini gələcək perspektivlər üçün nəzərə almaq lazımdır. Bu həm həmin ərazilərdə torpaq qatının qorunmasına, həm də məhsuldarlığın artırılması ilə, nəhayət öz qida ehtiyatlarımızı daxili məhsullarla əmin etməyə imkan yaradacaq.


Müəllif: Rövşən Nəzərov

Комментариев нет:

Отправить комментарий