2020-04-17

Ernest Callenbach – Ekologiya


Ernest Callenbach “Natural History Guide” dərgisinin redaktorudur, Ekotopiya (1975) əsərinin müəllifidir.

Mənbə: Ecology: A Pocket Guide, revised and expanded, University of California, 2008, p 42-45
Tərcümə edən: Araz Əliyev 


Bu günlərdə hamımızın ekologiyanın nə olması ilə bağlı az-çox müəyyən fikri var. Bunun insanların təbiət üzərindəki təsirləri ilə əlaqəli bir şey olacağını düşünürük. Əslində isə ekologiya canlılar və ətraf mühit arasında bütün münasibətləri araşdıran bir elm sahəsidir. Həyatın sirkulyasiyası (dairəvi döngüsü) içərisində müəyyən funksiyaya malik olan qayalar və hətta hava belə ekologiyanın maraq dairəsinə daxildir. Ekologiya fizikada və kimyada olduğu kimi başa düşülən səbəb və nəticə ələqləri ilə deyil, sistemlər, şəbəkələr, tarazlıqlar, dairəvi döngülərlə işləyir. 
Ekologiyanın məqsədi sadəcə olaraq canlı sistemlərini hissələrinə ayıraraq araşdırmaq deyil, eyni zamanda onların bütöv şəkildə funksiyalarını anlamaqdır. Ekoloqlar bir soxulcanı araşdırdıqları vaxt onu əhatələyən hava, torpaq, bitkilər, cansız maddələr rəqabət içində olduğu növlər, ovçular, fərqləndirici orqanizmlər, nəm və digər ünsürlərdən meydana gələn ekosistem içərisindəki funksiyalarını anlamağa çalışırlar.
Ekologiya ilk vaxtlarda fərqli növlərin nüfuzlarının necə artıb azaldığını araşdıran fəaliyyətlərə verilən ad idi. Bilinən köhnə modelə əsasən, tülkülərin sayının ovladıqları dovşanların sayları çox olduğu zaman artdığı, yetəri qədər olmadığı zaman isə azaldığı yönündə idi. İki növ arasındakı münasibətləri nəzərdən keçirən bu cür modellər müdaxilə edilmiş hallar və bəzi labaratoriya təcrübələri üçün uyğun idi. Riyazi dəqiqliyə malik olan bu modellərdə ətrafdakı proseslərin əks reaksiyası (feedback) nəzərə alınmadığından, təsadüfi olanlar da daxil olmaqla digər bir çox ünsürə bağlı olan gerçək populyasiyaların ilk baxışda gözə çarpan dəyişkənliyi hasablana bilmirdi. Eyni zamanda bu sitem bir çox ekosistemin nisbi sabitliyini izah etməkdə də yetərsiz idi. 
Sahə ekoloqları canlıları təbiətdəki vəziyyətləri ilə anlamağa çalışırlar və bu da çətin və qarışıq işdir. Buna rəğmən orqanizmlərin öz qidalarını necə əldə etdiyi, istehsal etdiyi  və çətin şərtlərdə necə həyatda qaldıqları ilə əlaqədar təsirli və təəccübləndirici kəşflərə də imza atılmışdır.  Eyni zamanda, GAİA nəzəriyyəsi[1] ilə bağlı məlumatlarımız artdıqca orqanizmlər və ətraf mühit arasındakı əlaqəni konseptləşdirə bilirik. Məsələn, bu gün atmosferin istilik dərəcəsinin həyatın davam edə biləcəyi aralıqda qalmasında karbon dioksit sirkulyasiyasını yerinə yetirən bakteriyalar, tək hüceyrəli canlılar, göbələklər, heyvanlar və bitkilərlə birlikdə karbon toplayan əhəng daşının da həyati əhəmiyyətə malik olduğunu bilirik. Bu daşlar keçmişdəki biosferin qalıntılarıdır və özləri cansız olsalar da həyatla görünməz bağlara malikdir.
Son illərdə ekologiya elmi  bizim digər canlılarla olan münasibətlərimiz  və ekoloji proseslərə get-gedə artan müdaxilələrimiz haqqındakı araşdırmaları da əhatə etməyə başlamışdır. Bunun nəticəsində bəzən Amerikan hindularının düşüncə formasından ilham alan fəlsəfi və siyasi yanaşmalar ortaya çıxmağa başlamışdır. Bu yanaşmalar elm olaraq adlandırılmasalar da bəzi elmi faktlara əsaslanır.
Dərin ekologiya adı verilən hərəkat canlılar aləmi ilə münasibətlərimiz üçün bələdçi olaraq mənəvi və dini özünüdərki vurğulamaqdadır. Tərəfdarları, Dərin ekologiyanın yanaşmasını saf təbiəti qorumaq, kirliliyi ən az səviyyəyə endirmək və ya təsirləri bir az daha azaltmaq üçün süni olduğunu düşündükləri cəhdlərlə müqayisə edirlər. Dərin ekologiyanı dəstəkləyənlər bu prinsipləri hərəkatlarının əsasını təmin edəcək şəkildə müəyyənləşdiriblər:

·         İnsanların və insan olmayanların həyatının, həyat formalarının zənginliyinin və müxtəlifliyinin özünəməxsus dəyəri var.

·         “Həyati önəmə malik insan ehtiyaclarını qarşılamaqdan başqa” insanların bu növ müxtəlifliyini azaltmaq haqqı yoxdur. Bu səbəbdən insanların insan olmayanların dünyasına qarşı mövud müdaxiləsi həddindən artıqdır və bu məsələdə təməl və geniş əhatəli dəyişikliklərin olması gərəklidir.

·         Ekoloji təsirlərini yumşaltmaq üçün insan populyasiyasının azalması lazım olsa da, mədəniyyət yenə də inkişaf etməkdə davam edə bilər: beləliklə, istehlak səviyyəsi yerinə “həyat səviyyəsi”ni yüksəldə bilərik.

·         Və eyni fikirdə olan insanlar bu düşüncələr haqqında danışmaqla yetinməyib, eyni zamanda şəxsi və siyasi həyatlarında ifadə etməyə cəhd göstərməlidirlər.

Dərin ekologiya nəzəriyyəçiləri “həyati önəmi olan ehtiyaclar” ifadəsində çox çətinliklərlə qarşılaşmışdır. Uzun perspektivdə (təbii ki, qorxunc və dəhşətli zərərlər verildikdən sonra) təbiət digər növlərə etdiyi kimi ehtiyaclarımızın əslində hansı səviyyədə təmin edilə biləcəyini bizə göstərəcəkdir. Dərin ekologiya tərəfdarlarına görə isə bizim də bu əsnada hansı ehtiyaclarımızın daha önəmli olduğuna qərar verməyimiz üçün beyinlərimizi və əxlaqi dəyərlərimizi istifadə etməyimiz gərəklidir. Hakim olan Amerikan fərziyyələrinin əksinə olaraq, kondisionerli, yüksək at gücünə malik və daha artıq yanacaq istifadə edən maşınların həyati önəmə malik olub olmamasını bu maşınların yaratdıqları təsirləri nəzərə alaraq sorğulamağımız lazımdır. İstehlak vərdişlərini yenidən nəzərdən keçirməyə kömək etməsi üçün Dərin ekologiya tərəfdarları  gündəlik həyat bələdçisi kitabları yayımlayır. Onlara görə, insanlar əsas dəyərlərini sistemlər (ailələri ilə, dostları ilə və digər qrupalarla s.) və insani münasibətlərə, təbiətdən zövq almağa, incəsənətdə, musiqidə, rəqsdə, elmdə və mənəvi aləmdə inkişaf etməyə yönəldərsə və maddi varlıqlara daha az maraq göstərərsə, daha zəngin və xoşbəxt həyat sürə bilər. Dərin ekologiyanı dəstəkləyənlər korporativ qlobalizasiyaya[2] qarşı aparılan kampaniyaların da öndərliyini etmişdir.
İctimai ekologiyanın müdafiəçiləri isə daha çox siyasi və ictimai məsələlərlə əlaqəlidirlər. Xüsusilə də müasir qlobal qrumlar başda olmaqla demokratik olmayan, avtoritar ictimai qurumlar tərəfindən şəkilləndirilən insan davranışlarının dünya üzərindəki təsirlərini araşdırırlar. Bu yanaşmaya görə şirkət sahibləri öz hissədarlarının gəlirlərini ən yüksəyə çatdırmaq məcburiyyəti səbəbindən fəaliyyətlərinin insanlar və ekosistemlərə olan təsirlərini göz ardı etməyə məcbur qalmışdır. Ən xoş niyyətli idarəçilər belə öz peşələrində yüksəlmək, ən azından işdən qovulmamaq üçün şirkət qaydalarına əməl etməyə məcburdurlar.  Bu səbəblə də meşələrin, əkin sahələrinin, balıqçılığın, atmosferin və insan həyatının məhv olması bu şirkətlərin fəaliyyətinin nəticəsidir.  Lakin onlar razılaşmaları və qaydalarından dolayı hər hansı hüquqi və yaxud da maddi məsuliyyəti qəbul etmirlər.



İctimai səbəbləri olan ekoloji problemlərin həlli də ictimai olmalıdır. Bu səbəblə İctimai ekoloqlar  şirkətləri yönləndirəcək təməl iqtisadi qaydalar dəyişmədiyi müddətcə  saf sahələri  və təhlükə altında olan növləri qorumaq, istehlakı azlatmaq, tullantıları yenidən istehsal etmək və ekoloji məsuliyyətə sahib həyat sürmək istiqamətindəki cəhdlərimizin nəticəsiz olduğunu ifadə edirlər. Onlara görə, məhz bu səbəblə ilkin iş siyasidir.  Ucuz və sağlam qida, təmiz hava və su, və bu ehtiyacları müdafiə etmək üçün gərəkli olan demokratik haqlar uğrunda mübarizə aparmaq üçün həm nisbi olaraq zəngin (və get-gedə artan yoxsul insanların olduğu) və sənayeləşmiş “Şimal”, həm də nisbi olaraq yoxsul (az miqdarda zəngin insanın olduğu) “Cənub”  ölkələrindəki insanların hərəkətə keçməsi vacibdir.  Mahiyyətində zərər verici olan bu şirkət quruluşunun saxlanmasında israr edərsək, bütün insanların haqqı olan bu ehtiyaclar heç vaxt təmin olunmayacaq.
 Ekofeminizm  İctimai Ekologiya və Dərin Ekologiya  bir çox məsələdə eyni fikirləri paylaşır, amma təbiətin kişi-hegemon istismar forması ilə kişilərin qadınları istismar etməsi arasındakı paralelliyə diqqət çəkir, patriarxal qurum və yanaşmalardakı bir çox dağıdıcı fəaliyyəti qeyd edirlər. “Göy tanrılı”[3] patriarxal dinlərdən daha əvvəlki dönəmlərə aid yer mərkəzli qadın tanrılı dinlərin yer aldığı qadın tarixinin, davamlılığının quyusunu qazan kişi davranışına yönəlmiş islah edici xüsusiyyətlərə malik olduğunu qeyd edirlər.

Bu üç yanaşma açıq aydın ziddiyyətli və bir-birini inkar edən mövqelərdə deyillər. Əslində bu üç yanaşma da mahiyyətdə bir-biri ilə bağlantılıdır. Bu anda ekoloji zərərləri ən aza endirmək üçün çalışarkən, bir tərəfdən də gələcəkdəki təməl siyasi haqlar və bərabər ictimai münasibətlər üçün çalışa bilərik.








[1] GAİA nəzəriyyəsi adını Yunan yer tanrısı olan Gaiadan alır. Bu nəzəriyyəyə görə dünyadakı hava, okeanlar, bütün yeraltı sular, canlı organizmlər bir-biri ilə fiziki olaraq əlaqəlidir, hər biri digərini tənzimləyir. Dünyanın yaşanıla bilən, suların zəhərsiz, havanın nəfəs alınacaq, temperaturun normal olması həyatın inkişafı və maddələr mübadiləsi tərəfindən tənzimlənir.
[2] İri şirkətlərin qlobal bazarı ələ keçirmələri 
[3] Tək tanrılı səmavi dinlər nəzərdə tutulur







Комментариев нет:

Отправить комментарий