2020-05-28

Azərbaycan cəmiyyəti üçün “zibil”



Son dövrlər oxuduğum ən maraqlı kitablardan biri Həsən Quliyevin “Arxetipik azərilər: mentaliletin simalar” kitabı oldu. Kitab Azərbaycanda yaşayanların daha dəqiq desək, azərbaycanlıların sosial psixologiyasını, milli mental dəyərlərini, onun tarixi səbəbləri və cəmiyyətdəki təzahürünü göstərir. Kitab bu məsələyə hər hansı bir yenilik gətirməkdən çox, bildiyimiz şeyləri bizə söz olaraq gösətərir və bununla da cəmiyyətimizi kənardan izləməyə imkan verir. Arxetiplər haqda çox kitab olsa da Azərbaycandakı arxetiplər haqda kitabın azlığı kitabı həm dəyəerli, həm də primitiv edir. Bəlli məsələ ki, yazıçı özü ancaq öz gördüklərindən yazır və tez-tez bir çox şeyi nəzərə almadan nəticə çıxarır, səbəbləri araşdıranda müəyyən yanlışlıqlara yol verir. Eləcə də yazıçı özü burada məlumatlandırdığı qədər də cavabını tapmağı bizə buraxan suallar qoyur. Amma eyni zamanda, arxetiplər haqda alternativ kitab görmədiyim üçün (təxmin edirəm ki, heç yoxdur da) bir o qədər də dəyərlidir.

Kitabın başlıqlarından biri “Zibil” adını daşıyır və bu başlıq altında zibilin azərbaycanlılar üçün olan mənasını izah etməyə çalışır. Orada səslənən çoxsaylı fikirlərdən ən bəyəndiyim və diqqət çəkmək istədiyim fikir isə budur: Azərbaycanlılar üçün zibil özü də 2 yerə ayrılır, biri öz evində olan zibildir, digəri isə evindən kənarda olan zibil. Onun evində olan zibilə çox diqqət ayırır, onu axtarır, toplayır və evindən kənarlaşdırır, çöldə olan zibil isə onun denək olar ki vecinə deyil, buna görə də o zibili yerə atmağa nə pis bir hərəkət kimi baxır, nə də onun ekologiyaya verdiyi ziyan barədə düşünür. Qısa desək, zibil onun evindən kənarlaşanda diqqətəlayiq bir şeydən əhəmiyyətsiz bir şeyə metamorfoz edir.
Bu iki fikir, həm cəmiyyətimizin elə də gizli olmayan, lakin get-gedə problematikləşən bir xüsusuiyyətinə diqqət çəkir. İlk dəfə müəllimimdən eşitdiyim belə bir fikri də dilə gətirim: Azərbaycan bir millət olaraq hər şeyə individualist yanaşır, bu özünü xüsusən də idmanda yaxşı göstərir. Bir güləşçimizin və ya boksçumuzun adı regional və ya dünyəvi yarışlarda hər il ən azı ilk üçlükdə çəkilirsə, futbol, voleybol, beysbol kimi komanda oyunlarında adımız çox nadir hallarda çəkilir. Bu müşahidə bizim millət olaraq təkcə, individualist yox, həm də müəyyən qədər eqoistdirlər. Komanda şəklində oynamağı bacarmamaq komandadaxili fərdlərin bir-birini anlamaması və ya bir-biri ilə empatiya qura bilməməsi ilə izah olunur və buna görə də komanda yarışlarında yaxşı nəticələr gösətər bilmirik. Analoji qaydada hər bir fərd öz mülkiyyəti daxilindəki təmizliyi qorusa da, ictimai məkanlardakı təmizlik onu narahat etmir. Hətta onu nəinki təmizləmək, hətta çirkləndirməkdə belə “oranı təmizləmək üçün pul alanlar var” arqumentini və ya “mən yerə zibil atmasam o ümumiyyətlə işsiz qalar” zarafatını ortaya atanlar var. Gördüyüm qədəri ilə şəhər yerlərində bu qaydanın bəzi – bloku təmizləmək, küçədə bitkilər əkmək, skamyaları düzəltmək kimi pozulma əlamətləri var. Lakin bu əməlləri də əgər edən olursa da, adətən məhlədə bir insan olur. Bir cəmiyyətin düzgün formalaşması və inkişaf etməsi üçün, orada eqoist və altruist fərdlərin nisbəti ağlabatan olmalıdır. (yəni ideal halda 50/50 nisbətində, elə olmasa belə ona mümkün qədər yaxın nisbətlərdə) Çünki, cəmiyyətdəki eqoist fərdlər inkişafa can atacaqsa, altruist fərdlər də onlara və ümumiyyətlə hamıya kömək edəcək. (altruist deyəndə Frommun dediyi gizli eqoist olan altruistləri nəzərə almadan deyirəm) Sanki, altruistlər cəmiyyətdə eqoist fərdləri bir-birinə bağlayan yapışqan rolunu oynayır və belə olan halda cəmiyyət inkişaf edir. Yox əgər cəmiyyətdə altruist fərdlərin sayı az olsa və ya ümumiyyətlə heç olmazsa, bu zaman cəmiyyət parçalanır, həm milli, həm etnik, həm dini, həm də iqtisadi ayrıseçkilik və təbəqələşmə yaranır. Altruizm təkcə özünü başqaları üçün qurban vermək də deyil. Termin Öqyüst Kont tərəfindən yaradılanda buna belə izah vermişdi, lakin bu termin sonra daha da inkişaf etmiş, altruizmin səbəbləri (yuxarıda dediyim biridir) və xüsusiyyətləri daha dərinləşdirilmişdir. Xüsusən də, Frommun “Özünə ziyan verməyən qədər yaxşılıq edənlər əsl altruistlərdir.” fikri, ümumiyyətlə altruizmi mənim üçün eqoizmə yaxınlaşdırdı. Eləcə də, altruizm digərləri ilə empatiya qurmaq bacarığı ilə paralel hallanır və bu da altruistlərin niyə belə olduqlarını anlamağa yardım olur. Bununla yanaşı, komanda ola bilməməyimizin başlıca səbəbi individualist olmağımızdır. Əlbəttə individualist olmaq özünü anlamaq üçün yaxşı şeydir, lakin cəmiyyətin inkişafında kolektivizm vacib şərtdir.
Bu qədər uzun danışmağımın əsas məqsədi isə cəmiyyətimizin inkişafı üçün altruistlərin, kollektivizmin artmasına ehtiyac vardır, deyə düşünürəm. Bunu yaratmaq üçün isə uşaqlardan başlamaq lazımdır, minimum onların “Bənövşə”, “Gizlən paç” kimi oyunları oynamamasına ehiyacları var. Uşaqların bir-birinə qarşı mübarizə aparıb dağıtdıqları yox, bir yerdə işləyib yaratdıqları oyunlar onlarda bir-birinə qarşı empatiya hissini aşılaya bilər. Bu zaman təkcə şəxsi mülkiyyət yox, ictimai mülkiyyət də bizi “narahat” edən məsələ olacaq.

Müəllif: Rövşən Nəzərov 

Комментариев нет:

Отправить комментарий