Hidroponika
sistemindən istifadə edilərək yetişdirilən pomidor sahəsi |
Hidroponika
(yun. hydor – su, pohos - iş) – bitkilərin süni mühitdə, torpaqsız becərilməsi
deməkdir [1]. Bu zaman bitkinin kök sistemi bərk substrat (qida əhəmiyyəti
olmayan) üzərində, suda, yaxud rütubətli havada (aeroponika) inkişaf edir.
Bitkilər qidanı köklərini əhatə edən qidalı məhluldan alırlar. Burada bitkilər qida
maddələrini asan mənimsəyir. Əkin substratı kimi qum, torf, perlit, kokopit (kakos palması
qabığı), mineral yundan və ya gildən istifadə olunur. Hidroponik üsul bitkinin kök sisteminin öyrənilməsinə
əsaslanır. Elm adamları uzun müddət yalnız kök
sisteminin öyrənilməsinə vəsait xərcləyərək hidroponika texnologiyasını günümüzə
gətirmişlər. Son illərdə ölkəmizdə hidroponika vasitəsilə becərmə üsluna maraq
artmışdır. Bu becərmə üsulu ilə yaradılmış istixanaların sayı getdikcə
artmaqdadır [2].
Hidroponika məhsulun artımını sürətləndirmək və məhsulların
keyfiyyətini artırmaq məqsədi daşıyır. Bildiyiniz kimi, uzun müddət torpaqdan
fasiləsiz istifadə zamanla onun tərkibinindəki üzvi və mineral maddələri
azaldır. Buna görədə fermerlər torpaqlara həddindən artıq mineral gübrələr vermək
məcburiyyətində olurlar. Torpağın bu mineralları qəbul etməsi isə uzun vaxt
alır. Bu baxımdan hidroponika üsulunda keyfiyyətli torpaqlara ehtiyacın
olmaması dediyimiz problemi həll edir. Hidroponik sistem ilə yetişdirilən məhsulların
dadları torpaqda yetişdirilən tərəvəzlərdən heç də
geri qalmır. Çünki, bu üsulla yetişdirilən bitkilər ehtiyacları olan qida maddələrini
mütəxəssislər tərəfindən dəqiq miqdarında və düzgün rejimdə qəbul edirlər. Bunu da
unutmayaq ki, torpaqda lazımlı qida maddələri bəzən bitkilər üçün mənimsənilən
halda olmurlar və bitkilər onlardan tam olaraq istifadə edə bilmirlər.
Həmçinin, əkilən bitkilər optimal səviyyədə qida və nəmliklə
təmin olunduqda daha tez və sağlam böyüyürlər. Nisbətən daha uzun vegetasiya
müddətinə sahib olmaları il ərzində bir
neçə dəfə məhsul verməyə kömək edir.
Bu sistemdə bitkilər su və substratlar vasitəsilə
yetişdirildikləri üçün torpaqla təmasda
olmurlar. Nəticədə torpaq tərəfindən əmələ gələ biləcək alaq otlarının, həşəratların,
xəstəliklərin qarşısı da alınmış olur. Hidroponikada daha bir üstün cəhət
substratların bir neçə il istifadəsinin mümkün olmasıdır.
Hidroponikada diqqət edilməsi 3 vacib ünsür vardır:
suyun temperaturu, PH dərəcəsi və elektronlar arasındakı əlaqə. Yetişdirmək istədiyimiz
bitkiyə görə bu göstəricilər dəyişə bilər. Bu üsulu ilə istənilən bitkini
yetişdirmək mümkündür. Lakin bəzi bitkilər daha çox baxım və xərc tələb
etdiyindən onların yetişdirilməsi çətindir. Ona görə də
Hidroponika üsulu ilə daha çox gövdəli və tağlı bitkilərdən tərəvəz, giləmeyvə
və s. bitkilərini yetişdirməyə üstünlük verilir [3].
Xüsusi kənd təsərrüfatı sahələrində hidroponikanı fərqli
üsullarda görə bilərsiniz. Boru üsulu (üfüqi bir boru üzərində böyümə) və ya rəflərdə
(torpaqsız qutularda) bir və ya bir neçə sıra ilə düzülən hidroponikalar
mövcuddur. Hidroponikada ən çox istifadə olunan sulama üsullarından biri damcı
üsuludur ki, bu üsulla bitkiyə lazım olan su miqdarında verilir. Nəticədə həm
suya qənaət edilir, həm də bitki normal inkişaf edir.
Keçmişdə istifadə olunan hər bir metod müasir dövr
üçün yenilik ola bilər. Hidroponiklər vasitəsilə də bitki yetişdirilməsi
metodunun ilk nümunələri Babilin "Asma bağları"-ında
və Moorish Aztek dövründə yaradılmış üzən bağlarında görülmüşdür. Tenochitlan
gölünün (Meksika) sahillərində köçəri hindu tayfaları döyüşkən qonşuları tərəfindən
münbit torpaqlarından qovulduqdan sonra Azteklər gölün dibindən çökək qoyulmuş
uzun qamış saplardan xəndəklər hazırladılar. Chinampas adlandırdıqları bu üzən
bağlarda bol tərəvəz və meyvələr yetişdirilirdi.
Məhşur səyahətçi Marko Polo yazılarında keçmiş Çində
çəltik bitkisinin becərilməsində Hirdoponika üsulundan istifadə
edildiyi haqqında məumatlar vermişdir. Ona görə də torpaqsız bitki yetişdirmək
yeni bir üsul deyildir. Ancaq bu sahədə böyük addımlar 1930-cu illərdə elm
adamları tərəfindən atılmışdır. Günümüzdə Hollandiya, İspaniya kimi ölkələr bu
sahədə uğur qazanmışlardandır [4]. Azərbaycanda isə hidroponika üsulu ilə tərəvəz
yetişdirmək üçün ilk uğurlu təcrübələr 1938-1939-cu illərə təsadüf edirdi. İlk
təcrübələrdə hidroponik bitkilər yalnız suda, substrat olmadan böyüdülmüşdü.
Lakin bitkidə müəyyən reaksiyalar getmədiyi üçün sonda məhv olmuşdur.
Buna görə hidroponik üsullarda bitkinin kökləri lazımi qida maddələrinin həllinə
batırılaraq substratlarla birlikdə yerləşdirilməyə başladı.
Zaman keçdikcə müxtəlif substratlardan istifadə olunduğuna
görə müxtəlif adlarda hidroponik üsullar ortaya çıxdı:
Məcmu poniklər,
Chemoponics,
İonitoponika,
Aeroponika
Hidroponikanın torpaqda becərilmədən üstün cəhətləri,
fermerlər üçün əlverişli olduğundan bu sahəyə maraq get-gedə artır. Dünyada bu
qədər məhşurlaşan hidroponikanın üstün cəhətləri aşağıdakılardır.
- torpağın olmaması əmələ gələ biləcək alaq
otlarının, həşəratların, xəstəliklərin yaranmasını əngəllədiyi üçün pestisidlərə, herbisidlərə
ehtiyac qalmır;
-
substratlardan bir neçə il istifadə mümkündür;
-
bitki daha uzun vegetasiya müddətinə sahib olduğu üçün məhsuldarlıq yüksək olur;
-
kiçik torpaq sahələrində belə hidroponika üsulundan istifadə etmək mümkün olur;
-
yararsız torpaq sahələrdə belə məhsul əldə etmək mümkündür;
-
sudan az istifadə olunur;
-
məhsul yığımı asanlaşır;
-iqtisadi
baxımdan büdcəyə uyğundur .
Məsələyə daha iri çərçivədən baxanda bu sistem ölkəmizdə
əkinə yararsız, bərpa olunmayan torpaq sahələrinin də səmərəli istifadə
olunması, mümkün qədər məhsul alınmasını həyata keçirir. Doğrudur, əkinə
yararsız torpaq sahələrində bu gün belə meliorasiya işləri aparılmağa davam
edilərək kənd təsərrüfatına yararlı torpaq sahələri arasına qatılır. Ancaq, bərpası
uzun illər sürəcək və yaxud mümkün olmayan (Bedlend (ing. badlands
- pis (yararsız) torpaqlar), rəsmi istinad mənbələrinə görə ölkə ərazisi
üzrə 43,3 faiz torpaq sahəsi bu və ya digər dərəcədə eroziyaya uğramış (o cümlədən
15,5 % şiddətli), 1332,5 min ha müxtəlif dərəcədə şorlaşmış (o cümlədən 220537
ha çox şiddətli), 1339,0 min hektarı (o cümlədən 8450 ha şiddətli) isə bu
və ya digər səviyyədə şorakətləşmiş torpaq sahələrimizin hal-hazırda var
olduğu bəllidir [5]. Bu baxımdan hidroponika sisteminin fermerlərə
tanıdılıb əkinə yararsız torpaq sahələrindən səmərəli istifadə ilə təmin
olunması mütləq şəkildə vacibdir.
Müəllif: Nərmin Xanməmmədzadə
Mənbə:
1. Ekoloqların məlumat kitabı, Məmmədov Q.Ş. Xəlilov
M.Y. Bakı – 2003 ;
2. gaba.az
3. growkent.com
5. agro.gov.az
Комментариев нет:
Отправить комментарий