2020-05-14

Təkrar emalın mənfi cəhətləri



Xülasə

   Məqalədə “Təkrar emal”ın insanlara, ətraf mühitə vurduğu mənfi təsirlərdən söhbət açılır. Həmçinin məqalədə “Təkrar emal”dan qurtulmağın yolları və müxtəlif ölkələrin təkrar emala qarşı mübarizə üsulları göstərilib. 

   Təkrar emal - yenidən dəyərləndirilə bilən tullantıların bir neçə kimyəvi və fiziki proseslərdən keçərək istehsal prosesinə qaytarılıb yeni məhsulun alınmasıdır. Bu prosesin yaranmasına ehtiyac müharibələrin başlaması ilə bağlı olaraq yarandı. Əsasən İkinci dünya müharibəsi illərində təbii sərvətlərə olan ehtiyacın artması ilə təkrar emala ehtiyac yarandı. İnsanlara əsasən metal və lif toplanılması ilə bağlı məlumat verilirdi. Təkrar emal prosesinə şüşə, kağız, alimünium, plastik, batareya, mühərrik yağları, akkumlyator, beton, təbii tullantılar, elektronik, dəmir, solvent tullantılar daxil olur.

   Təkrar emal əlavə xərcdir! Gəlin Təkrar emal prosesində lap əvvəldən nələrin baş verdiyindən danışaq. Təkrar emal prosesində ilk olaraq tullantı yığılmalı, daşınmalı, çeşidlənməli, utilizasiya edilməli, zərərsizləşdirilməlidir. Bu mərhələlərin hər biri müəyyən xərclərə malikdir. Ölkəmizdə çeşidlənmənin məcburi olmadığını düşünsək, bu prosesin nə qədər təhlükəli olduğunu anlayarsınız. Çeşidlənmə sahəsində çalışan hər bir işçiyə müəssisə cavabdeh olmalıdır. Çünki ayırdığı tullantının necə bir maddə olduğunu bilməyən işçi, bilmədən təhlükəli maddə ilə təmasda ola bilər. Bundan başqa bu sahə biznesə atılmaq istəyən insanlar üçün heç yaxşı sahə deyil. Çünki bu cür müəssisələr şəhərlərdə yaşayan əhalinin sayına uyğun olaraq tikilməlidir. Əgər bir şəhərdə 30-40 müəssisə varsa əhali də azdırsa burada artıq tulantı miqdarı azalacaq və müəssisənin illik gəliri aşağı düşəcək. Məs: Bakıda orta hesabla adambaşına ildə 350 kq tullantı düşdüyünü, 2277,5 milyon insanın yaşadığını nəzərə alsaq, bir müəssisənində illik gücünün orta hesabla 200 min ton olduğunu bilsək, yerdə qalan tullantı çox az miqdardadır. Və geriyə qalan tullantı başqa müəssisələr üçün yetərli deyil. Buradan da aldığımız nəticə göstərir ki, təkrar emal müəssisələri hər yerdə tikilə bilməz.
   Heç sağlamlığınızı düşünmüsünüz? Hazırda ən çox təkrar emal olunan tullantı plastikdir. Plastik həm özü həmdə tullantısından hazırlanan yeni məhsul xəstəlik törədicidir. Daha çox qida məhsullarının qablaşdırılmasında, oyuncaqların hazırlanılmasında, gündəlik məişətdə istifadə etdiyimiz əşyaların yenidən istehsalında istifadə olunması xəstəliklərin insanda daha tez yaranmasına səbəb olur. Yaratdığı xəstəliklər isə bunlardır: xərçəng, allergiya, əqli inkişafın geriləməsi, ürək damar və s. Bu xəstəliklər bəzən də dolayı yolla insana keçə bilər. Son zamanlar mütəxəsisslər, plastikin tərkibində olan A bisfenolundan çox danışırlar. Onların fikrinə görə, o, hormonal fona təsir edir və bir çox xəstəliklərin yaranmasına səbəb olur. Qida məhsullarının qablaşdırılması üçün istifadə olunan bütün materiallar, plastik qablar və hətta uşaq butulkaları kimi gündəlik istifadə etdiyimiz əşyaların tərkibində A bisfenolu vardır. A bisfenolunun orqanizmdə çox miqdarda olması, xərçəng  şişlərinin inkişafı, ürək-damar  və endokrin sisteminin iş pozğunluqları və hətta 2-ci tip şəkər xəstəliyinin inkişafı üçün, katalizator rolu oynadığı rəsmi olaraq sübut olunub. (1)
   Əsasən uşaqların oynatdığı plastik ucuz oyuncaqlar uşaqlarda əqli inkişafın geriləməsinə gətirib çıxarır. Mütəxəssislər hesab edirlər ki, Çində istehsal edilən oyuncaqların 90 faizi sağlamlıq üçün zərərlidir. Ancaq Çin dünyada sənayenin ən ucuz mərkəzi olduğundan, bu ölkədə istehsal olunan məhsullar dünyanın hər yerinə yayılır. Bu da ucuz ölümün bütün dünyaya yayılması deməkdir. Mütəxəssislər isə hesab edirlər ki, Çin istehsalı olan oyuncaqların tərkibindəki melamin və fatalat maddələri sonsuzluğa və müxtəlif xərçəng tiplərinin yaranmasına səbəb olur. Çin oyuncaqları, həmçinin müxtəlif tip allergiyalara da səbəb ola bilər. Məsələn, yumşaq oyuncaqda olan zəhərli toz zərrəcikləri uşaqların ciyərlərinə hoparaq, davamlı öskürək, asqırma, qaşınma və s. səbəb ola bilər. Yaxud, plastik oyuncaqlarda olan zəhərli boyalar uşaqların zəhərlənməsi ilə nəticələnə bilər. 
   Bundan başqa gündəlik istifadə etdiyimiz polietilen torbalar da çox zərərlidir. Həsas dərilərdə allergik xəstəliklərin yaranmasına yol açır. Amerikada aparılan ən son araşdırma ekoloq alimlərin böyük reaksiyasına səbəb oldu. Araşdırma nəticəsində məlum oldu ki, hər il dünyada 500 milyard (qeyri-rəsmi məlumatlara görə - 1 trilyon) sellofan torba istehsal edilir. Dünyada hər 1 dəqiqədə isə 1 milyon polietilen torba zibil qutusuna atılır. Polietilenin çürüyərək yox olması üçün torpaqda 800 il, dənizdə isə 400 il lazım gəlir. Bu torbalar insanın immun və əsəb sisteminə olduqca ciddi və mənfi təsir göstərir. Çünki bu paketlərin tərkibi çox qarışıqdır, yüzlərlə kimyəvi birləşmənin nəticəsində əldə edilir. Əgər onlardan imtina edə bilmirsinizsə, o zaman onlardan yararlanarkən öncə etiketinə baxın - yeyinti, yoxsa sənaye məhsulları üçün nəzərdə tutulması barədə qeydə fikir verin. Ümumiyyətlə hər hansı məhsulu satın almadan etiketlərinə nəzər yetirin. Tərkibində polietilen (PE), polipropilen (PP), polietilen tereftalat (PET), polimetil metakrilat (PMMA), politeirafloroetilen (PTFE) ve neylon olan məhsulları almaqdan imtina  etməyə çalışın.

   İndi dünya ölkələrində bu prosesi yavaşlatmaq üçün müəyyən tədbirlər də görülür. Dünya miqyasında 60-dan çox ölkədə plastik paket istifadəsi ya qadağan olunub, ya da məhdud hala gətirilib. İngiltərə, Tayvan, Keniya, Uqanda, Fransa, Amerika, Latviya, Avstriya, Çin, Makedoniya və Albaniya  kimi bir çox ölkələrin hökumətləri sellofan paket istifadə edilməsini yasaqlayıb. Hətta Keniya kimi bəzi Afrika ölkələrində isə  plastik paket istifadə edənlərə həbs cəzası, cərimə də verilir. Kağız və parça torbalara geri dönmək lazımdır! Daha uzun ömürlü və daha sağlıqlı bir vasitə olan parça torbaların istehsalı üçün o qədər də çox vəsait tələb olunmur. Hələlik satışda bu təyinatlı torbalar olmasa da, evdə özümüz də torbalar hazırlaya bilərik.
   Bəs biz plastik tullantılardan həm qurtula həmdə yaralana bilərikmi? İlk dəfə İngiltərədə bir şirkət plastik tullantılardan yol çəkilməsini təklif etdi. Plastik yol fikri ingilis mühəndis olan Toby McCartney'ə aiddir. McCartney Hindistana səyahəti zamanı yerli xalqın yollarda yaranan çuxurlara plastik tullantıları ataraq yandırdığını gördükdən sonra düşündü ki,bu üsul əslində yol tikintisi üçün yeni dövr olacaq. Plastik tullantıları yol tikintisinə daxil etmək üçün işlərə başlayan mühəndis McCartney əvvəlcə təkrar emal müəssisələrindən aldığı plastik tullantıları kiçik plastik toplara çevirə bilən yeni texnologiya hazırladı. Milyonlarla xırda top halına çevrilən plastik tullantılar daha sonra yol tikintisində istifadə olunan qarışığa daxil edildi. Yollar əsasən qaya parçaları, əhəng daşı və qumdan hazırlanır. Bütün bunları bir yerdə saxlamaq üçün isə neft məhsulu olan bitum istifadə olunur. McCartney plastik topları bitum əvəzinə istifadə edərək həm yolların xərcini azaltdı, həm də plastik tullantıların ətraf mühiti çirkləndirməsinin qarşısını aldı. Belə yolların asfalt yoldan daha ucuz və 5-10 dəfə dayanıqlı olduğuda deyilir. (4) Bu həmçinin təhlükəli olan bitum istehsalının azaldılması da deməkdir. Hansı ki, burada çalışan insanların müxtəlif orqanlarında xəstəliklər yaradır. (3)
   Hazırda İngiltərənin şimal-qərbindəki Cumbria kəndində təcrübə məqsədilə plastik yol çəkilib. Layihə bütün ölkələr tərəfindən tanınsa ətraf mühitimizə ziyan vuran plastik tullantılardan faydalı formada istifadə edərək təmiz bir dünya yarada bilərik.

   Bir başqa məsələyə göz gəzdirək. Bildiyimiz kimi kağız təkrar emal prosesinə daxil olur. Ancaq alınan məhsul qat qat aşağı olduğu üçün ondan artıq yenidən kağız yox, karton alınır. Karton isə ucuz məhsullar içərisində yer alır. Müəssisənin, işçilərin aylıq xərclərini qarşılayıb, qarşılamayacağı belə sual altındadır. Bu sahədə də çox şirkətlərin olması rəqabətin artmasına gətirib çıxarır ki, hər bir oyunda da bir tərəfin məğlub olacağı bəllidir.
   Tullantıların zərərsizləşdirilməsi üsullarında biri olan yandırılma uzun müddətdir ki istehsal və məişət tullantılarının zərərsizləşdirilməsində istifadə edilir. Yandırılma prosesi xüsusi poliqonlarda həyata keçirilir. ETT bu sahədə də özünü biruzə vermişdir. Artıq tullantılar təkcə yandırılma prosesində iştirak etmir, ucuz enerji əldə edilməsində kömək olur. (2)
   Neft, qaz, kömür və s. ehtiyatları olmadan enerji də olmaz. Ona görə tullantıların yandırılaraq enerjiyə çevrilməsi indi də İnkişaf Etmiş Ölkələr arasında istifadə edilir. İsveçrədə 28 tullantıların yandırılması zavodu 215 min ton yanacağa qənaət edərək, 250 min yaşayış evini təchiz edən elektrik enerjisi istehsal edir. Araşdırmalar göstərir ki, bu gün Avropada tullantıdan istehsal edilən enerji İrlandiya və ya Slovakiya böyüklüyündə bir ölkəni elektrik enerjisi ilə təmin etməyə kifayət edər. Dünya üzrə ən çox tullantı Çində yaranır, belə ki, ölkənin 2,000 km2-dən çox ərazini əhatə edən tullantıların basdırılması poliqonlarında 7 milyard tondan artıq üst-üstə yığılıb qalmış tullantı qalağı vardır. Tullantıların yandırılması bu çətin problemi həll etməyin ən səmərəli üsuluna çevrilib və son bir neçə il ərzində bu sənaye ölkədə çox sürətlə inkişaf etməyə başlayıb. Bu, torpaqlara qənaət etməklə yanaşı tullantıları 75 %-dən artıq azaldır və nisbətən az çirklənməyə səbəb olur. Hazırda Çində tullantıların təxminən cəmi 30 %-i yandırma yolu ilə zərərsizləşdirilir. Sənaye analitiklərinin sözlərinə görə, bu göstəricinin 2020-ci ilə qədər isə 40 %-ə qədər artması gözlənilir.
   Ölkəmizdə Bakının Suraxanı rayonunun Balaxanı qəsəbəsində bərk məişət tullantılarının yandırılması zavodunda məişət tullantılarının utilizasiyası nəticəsində əmələ gələn küldən yolların asfaltlanmasında istifadə edilir. Zavodun idarəçisi “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin həyata keçirdiyi sosial aksiya zamanı 460 tondan çox kül toplanıb. Küldən qəsəbədə ümumi sahəsi 43 min kv.m. təşkil edən yolların əsaslı təmir-bərpa işləri və asfalt örtüyünün yenilənməsində istifadə olunub. Layihəyə əsasən əhalinin daha çox istifadə etdiyi yolun örtüyü bərpa olunur. Həmçinin Balaxanı bərk məişət tullantılarının yandırılması zavodunda tullantıların utilizasiyası prosesi nəticəsində il ərzində 231,5 mln kvt/saat elektrik enerjisi hasil olunur. Həmin enerji ilə 300 min əhalisi olan şəhərin elektrik təchizatının tam təmini mümkündür.
   Məlumatlara görə Yaponiya Təkrar emal prosesindən istifadəni məhdudlaşdırır. Yaponiyada plastik və qida tullantıları təkrar emal da iştirak etmir. Səbəb plastik tullantıların insan orqanizmasında törətdiyi xəstəliklərdir.
   Yaponiyada sistem belə işləyir: İnsanlar həftənin 2 günü səhər saat  8-dən öncə plastik və qida tullantılarını yaşadıqları ərazilərdə bir nöqtəyə yığırlar. Sonra zibilyandırma zavodlarının işçiləri gəlib bu tullantıları götürür. Tullantılar şəhərdə yerləşən 20 fərqli zavodlara daşınır. Burada tullantılar 800 C-də yandırılır. Tez bir müddətə də soyudulur ki, zəhərli tullantılar ətrafa yayılmasın. Tullantıların yandırılmasından alınan enerji 28.000 evi elektrik enerjisi ilə təmin edir.

ƏDƏBİYYAT
1. Sağlamolun.az platforması, Plastik qabların ziyanı haqqında-2014
2. N.Ə.Səlimova, B.Ş.Şahpələngova, Ə.İ.Babayev, Mühəndis ekologiyası.Bakı-2012
3. R.H.Əliyeva, C.Y.salihova, A.M.Məmmədov, Neft bitumu istehsalında əmək təbabəti.Bakı-2016
4. Azadlıq.info platforması, Plastik tullantılardan yol çəkilişi-2017

Müəllif: Nərmin Xanməmmədzadə

Комментариев нет:

Отправить комментарий