Son günlərin əsas xəbərlərindən biri sözsüz ki, Azərbaycanın
yeni və gələcəkdə çox ciddi ola biləcək ekoloji problemi olan Kür çayının Xəzər
dənizinə tökülən hissəsindən 50 km-lik məsafədə suyun dənizin suyu ilə
qarışması və bunun da yerli sakinlərə və kənd təsərrüfatına vurduğu ağır zərbədir.
Mən də bu yazıda onun səbəbləri, gələcək daha ağır fəsadları və qarşısını alma
metodları barədə mülahizələrimi irəli sürəcəm. Əlimdə yeni məlumatlar qıt olduğu üçün öncəki illərdən yazılmış ədəbiyyata müraciət edərək ona əsaslanacam.
Kür çayının ekoloji problemləri barədə öncə
araşdırmamışdım, lakin araşdırma etdikcə belə bir problemin yaranması mənə təəccüblü
gəlmədi. İlk öncə bu fəlakətin yaranmasının 3 əsas səbəbi haqda danışım:
1. Çayın üzərində çox sayda su anbarları və Su
Elektrik Stansiyalarının (SES) olması - Kür çayının axın sürətini azaldır. Kür
çayının üzərində Azərbaycanın ən böyük Mingəçevir su anbarı və SES-i başda
olmaqla, Şəmkir, Yenikənd, Varvara su anbarları vardır. Bu tikililər içməli su
ehtiyatımızın və alternativ enerjimizin əhəmiyyətli (energetikanın 20%-i) hissəsini
təşkil edir. Eləcə də Kürün Türkiyyədən keçən hissəsindən də su anbarları
tikilir. Lakin burada diqqətdən yayınmamalı olan bir məqam vardır, əgər biz
suyun sürətini elektrik enerijisinə çeviriksə, bu zaman biz enerjidə qazanmırıq, əldə etdiyimiz enerji çayın sürətinin azalmasına gətirib
çıxaracaq. Buna görə də bu çayın mənsəbə gedib çıxması məsələsində müəyyən ləngimələr
əmələ gələ bilər, çay quruya və ya mənsəbə çatmaya bilər.
2. Çayın gətirdiyi suyun normadan artıq istismar
olunması - Eləcə də Kür çayından daha dəqiq desək Mingəçevir su anbarından başlanğıcını götürən 2 böyük kanal Yuxarı Şirvan kanalı və Yuxarı Qarabağ kanalı vardır. Bu
kanalların ümumi uzunluğu 300 km-ə yaxındır və sərf etdiyi su, Kür çayının səviyyəsinin
aşağı olmasına gətirib çıxaran əsas faktorlardan biri ola bilər. Eyni zamanda
son 17 ildə 194 min hektar suvarılan torpaq sahələrinin əkin dövriyyəsinə
qatılması da suya təlabatı artırıb. Suyun həcmcə azalması isə onun mənsəbinə
gedib çıxmasında çətinliklər yaradan əsas faktorlardan biridir. Bundan əlavə
bir tərəfdən Kürün suyu azaldıqca Xəzər dənizindən olan duzlu suyun da səviyyəsi
qalxdığı üçün onun yerini doldurmağa çalışacaq.
3. Xəzər dənizinin suyunun səviyyəsinin qalxması,
çayın suyunu şorlaşdırır. Xəzər dənizi Azərbaycanda olan yeganə dəniz və eləcə
də ekoloji cəhətdən çirkli və çox çirkli dənizlər kateqoriyasına aiddir. Bunun özünün bir çox səbəbləri vardır, amma mən onun səviyyəsinin qalxması və Kür
çayının duzluluğunun artırılması barədə danışmaq istəyirəm. 1978-ci ildən Xəzərin
səviyyəsi kəskin qalxmağa başlayaraq, 1995-ci ildə onun illik orta qiyməti
-29.2 metrə çatmışdır. Bu müddət ərzində dənizin orta qalma intensivliyi ildə
14 sm olmuş, ayrı-ayrı illərdə bu rəqəm 30 sm-ə qədər çatmışdır. 1996-cı ildən səviyyə
qalxmağa davam etmiş və 2001-ci ildə dənizin hündürlüyü -27.3 metrə çatmışdır. R.
M. Məmmədov 2001-ci il araşdırmasına əsasən, burada 10-15 % ekoloji amilin rolu
vardır. 85-90 % təsir amili kimi isə antropogen, yəni insan təsirindən olduğunu
düşünə bilərik. Lakin bu tətqiqatın müşahidələr nəticəsində təstiqə ehtiyacı
olduğunu vurğulayır. Digər tətqiqaçılar isə, Xəzər dənizinin səviyyəsinin
qalxmasını su üzərində toplanan neft təbəqəsi ilə əlaqələndirirlər. Yəni dənizə
ehtiyatsızlıqdan və ya çıxarılma zamanı axıdılan tullantı neft dənizin üzərində, xüsusən də, sahilboyu zonada suyun üzərində nazik təbəqə əmələ gətirir və suyun
buxarlanmasının qarşısnı alaraq, dənizin səviyyəsini qaldırır. Təsir edən əsas
amilləri isə araşdırmalardan sonra dəqiq demək olar.
Araşdırma ilə müəyyən etdiyim və hələ daha da çox
olan təsir edə biləcək kiçik amilləri nəzərə alaraq belə nəticəyə gəlmək olar
ki, bu yeni ciddiləşən, əvvəllər ancaq simptomları olan ekoloji problem
Respublika səviyyəli problem elan olunmalı Kür çayının qorunması ölkə üçün
prioritet məsələyə çevrilməlidir. Kür çayının suyu sayəsində təkcə vətəndaşlar
yox, eləcə də əkin sahələri suvarılır, heyvanlar da bu sudan istifadə edirlər. İldə istifadə etdiyimiz 12
milyard şirin su ehtiyyatının 9 mld-ı, yəni 75 %-i kənd təsərrüfatına sərf
olunur. Kür çayının da elə əsasən suvarma üçün istifadə olunduğunu nəzərə alsaq,
onun quruması və ya şorlaşmasının, bununla da 85 % əkin sahələrinin suvarmasız
qalmasının, energetikamızın 20 % nin itirilməsinin iqtisadiyyat, ərzaq təminatımız
və kənd təsərrüfatımıza necə böyük zərbə olacağını təsəvvür etmək çətin deyil. Qida
təminatımızın əhəmiyyətli bir hissəsinin xaricdən ödənilməsi isə bu dəfəlik tənqid
yox, tərif olunmalı xüsusiyyətimiz kimi görünür.
Bəs çıxış yolu nədir?
Çıxış yolu yuxarıda göstərilən təxminlərin
araşdırılması, doğru olub-olmamasının yoxlanılıb dəqiqləşdirilməsi və alınana nəticələrə
uyğun tədbirlərin görülməsidir. Hələ ki, mənə görünən vəziyyətdən çıxış və
problemin həll yolları isə belədir:
1. Selləmə üsulu ilə suvarma qadağan olunduğu kimi,
arxla şırımlama, üsulu ilə suvarmanın qadağan olunmalı və ya məhdudlaşdırılmalı
və əvəzinə çiləmə və damcı üsulu ilə suvarmaya (suya 80-85 % qənaət edəcək)
üstünlük verilməlidir. İlk öncə bu Qarabağ və Şirvan kanallara axıdılan suyun sərfiyyatını
azaldacaq. Eyni zamanda irimiqyaslı subsidiyaların ayrılması, güzəşt və faizsiz
kreditlərin verilməsi kənd təsərrüfatına təkcə su baxımından yox, həm də nəhayət
qida təminatımızın öz məhsullarımızla formalaşmasını yarada bilər. Bu eyni
zamanda həm bir, həm də ikinci problemin yaranma səbəbinin həllinə əhəmiyyətli töhvə verəcək. Bu
təkcə Kür çayı problemi yox, ümumiyyətlə ölkənin öz hesabına qida təminatını edə
bilməsini təmin edəcək, yeyinti sahəsində import yox, eksport etməmizə səbəb olacaq,
həm də uzun müddətdir həll edilməsini gözləyən qrunt sularının səviyyəsinin
qalxmasının qarşısını alacaq. Bu həm də cənub zonasına kollektor drenaj-şəbəkəsi
çəkilməsini ikinci plana atar.
2. Xəzər dənizinin səviyyəsinin niyə qalxdığını dəqiq
müəyyən edib, ona uyğun tədbirlər görmək, Xəzər dənizinin neftdən təmizlənməsi
işlərinə başlamaq olar. Eləcə də sakinlərin razılığı və birgə əməyi ilə dəniz səviyyəsi
tənzimlənə bilər. Məsələ regional səviyyədə qaldırılaraq, “İkinci Çərçivə
Konvensiyası” təşkil oluna bilər. Xəzər dənizinin təkcə neftlə bağlı deyil,
kanalizasiya, ekosistemi və s. ilə bağlı ekoloji problemlərinə də ciddi nəzarət
edilməlidir. Eləcə də, neft çıxarılmasının azalması üçün SES-lərdən əlavə digər
alternativ enerjilərdən istifadə edilə, məsələn, günəş enerjisi, yeni və
perspektivli torium əsaslı AES-lər tikilə bilər.
3. Su təminatı məsələsinə daha ciddi nəzarət
olunmalıdır. Su resurslarını idarə edilməsi üçün vahid qurum yaradılmalıdır. Sənaye
müəsisələri, gübrə, pestisidlərlə suların çirklənməsi məsələsinə ciddi nəzarət
olunmalıdır. Eyni zamanda məişət və sənaye sularının təkrar emalı, şuyun şirinləşdirilməsi
və texniki su kimi istifadəsi barədə düşünmək lazımdır. Kürün hövzəsində olan
çayların da suları azalır ki, bunun da səbəbi həm ekstensiv suvarma, həm də
çayların hövzəsində olan meşələrin, ağacların qırılmasıdır. Bu ərazilərdə meşə
sahələrinin artırılması Kürün su rejiminə müsbət təsir göstərə bilər. Suyun
israfını azaltmaq təkcə dövlət üçün çox, cəmiyyət üçün də vacib olmalıdır.
Kür çayının quruması ilə bağlı aparılan son araşdırmanı da oxuya bilərsiniz: lent.az
Yazını oxuyub düzəlişlər etdiyi üçün dosent Azər Cəfərova təşəkkür edirik!
Müəllif: Rövşən Nəzərov
Müəllif: Rövşən Nəzərov
Комментариев нет:
Отправить комментарий